Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 23:56
Süni intellekt sahəsindəki tərəqqi hal-hazırda ən cəsarətli proqnozları belə geridə qoyur. Kompüterlər artıq kompleks hesablamalar, intellektual oyunlar və müəyyən sistemlərin proqnozlaşdırılması işində insanlardan daha öndədir. Lakin duyğulanmaq, hiss etmək kimi nəcib hisslər kompüter üçün xarakterik deyil. Bu, həqiqətən, belədirmi?
2015-ci ilin ən məşhur premyeralarından biri, Alex Garlandın rejissoru olduğu "Ex Machina" adlı fantastik filmdə gənc proqramçı müdirini bir həftə ərzində "ziyarətə" gəlir və qeyri-iradi olaraq eksperiment iştirakçısı olur. Onu insan şüurunun bütün əlamətlərini göstərən Ava robotu ilə tanış edirlər. Ava gözəl üzlü bir qadın robotdur. O, özünü qız kimi aparır və baş qəhrəmanın xoşuna gəlməyə çalışır.
Filmdə həmin proqramçı robotun nümayiş etdirdiyi duyğuların əsirinə çevrilir. Ancaq Avanı bir insana rəğbət hissindən çox, azadlıq arzusu idarə etdiyinə görə, gənc oğlan üçün hər şey çox üzücü sonluqla bitir. Ümumilikdə isə filmin əsas sualı cavabsız qalır: robot, həqiqətən, şüurunu inkişaf etdirə bilərmi, yoxsa bu, onun yaradıcısının imitasiya yaratmaq bacarığıdır?
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bir maşının düşünmək qabiliyyəti haqda fikirlər ilk dəfə 1950-ci ildə ingilis riyaziyyatçısı Alan Türinq tərəfindən ortaya qoyulub. Sonra riyaziyyatçı və kriptoqraf "Kompüterlər və təfəkkür" adlı məqaləsində kompüterdə şüurun mövcudluğunu müəyyən etməyə imkan verən bir empirik test ideyasını təklif edib.
Türinq testinin ideyası belədir: test olunan canlı bir insan iki həmsöhbətini görmədən onlarla ünsiyyət qurur. Müsahiblərdən biri insan, digəri isə kompüterdir. Söhbət danışıq dilini tanımaq qabiliyyətini deyil, kompüterin ehtimal olunan zəkasını yoxlamaq üçün yazışma rejimində aparılır. Maşının vəzifəsi tam şüurlu, ağıllı insanı - test olunan şəxsi çaşdırmaqdan ibarətdir.
Türinq testinin üstünlüyü ondadır ki, şərti kompüter sadəcə söhbət zamanı istifadə olunan sözlərin mənasını deyil, həm də mövzunu anlamalı, araşdırmalı və canlı ünsiyyətdə olmalıdır. Mövzular isə testin şərtlərinə uyğun olaraq məhdudlaşmır: həm qadın hüquqlarından, həm qidadan, həm də digər mövzulardan danışmaq olar.
Neyrobiologiya sahəsində tanınmış mütəxəssis, şüurun meydana gəlməsi problemini araşdıran Antonio Damasio humanizasiyanın formalaşmasının emosional reaksiyalara söykəndiyini iddia edir.
Görəsən niyə mükəmməl təşkil olunmuş kompüterlərdə şüur yoxdur? Damasionun əsərlərindən də belə məlum olur ki, hər şey həssaslıqla bağlıdır. Süni intellekt tədqiqatçısı və koqnitivist Marvin Minski şüurun "zehnin bədənlə vəhdətindən" ibarət olduğunu deyirdi.
Nəticədə şüurlu süni intellektin ortaya çıxması o zaman realdır ki, həmin intellekt bədəni dərk edir və müəyyən məqsədə sahibdir.
Alim yazır ki, təfəkkürlü və düşünə bilən robotları yaratmağın ən perspektivli yolu dərin biliklər və robototexnikanın vəhdətidir (bioloji toxumalara ən çox oxşar materiallardan robotların dizaynı). Belə bir birləşmə robotlara xüsusi həssaslıq və xarici mühitədəki dəyişikliklərə homeostatik reaksiya verməyə imkan verəcək.
İndiyə kimi heç kəs həssas robot yaratmağa cəhd etməyib, lakin Damasionun və onun həmmüəlliflərinin işi bu sahədə çoxlarına nümunə olacaq. Bunun bizə nələr vəd etdiyini deməyə isə heç kim cəsarət edə bilmir.