Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 11:54
"Azərişıq" ASC bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı hava şəraitini nəzərə alaraq əvvəlcədən bütün ehtiyat tədbirlərini görüb.
"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Trend-ə bildirib ki, ASC rəhbərliyi iki gün əvvəl gözlənilən kəskin hava şəraiti və seçki məntəqələrinin elektriklə fasiləsiz təminatı ilə bağlı xüsusi müşavirə keçirib. Bütün ölkə üzrə əməkdaşlar gücləndirilmiş iş rejiminə keçib:
"Ölkə üzrə müşahidə olunan güclü külək, dağlıq rayonlarda yağan qar bəzi yerlərdə elektrik şəbəkəsində qəzaları qaçılmaz edir. Əməkdaşlarımız həmin qəzaları operativ olaraq aradan qaldırmağa çalışırlar. Eyni zamanda, seçki məntəqələrində fasiləsiz elektrik təchizatını təmin etmək üçün əvvəlcədən bütün rayonlara çoxsaylı ehtiyat generatorlar da göndərmişik. Qəzalar baş verəndə dərhal seçki məntəqələrində ehtiyat generatorlar işə salınır".
Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.
Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.
Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.
Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.
Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.