Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2020 07:06
Bu gün Milli Məclisə seçkilər keçirildi. 125 dairənin 5426 seçki məntəqəsi seçicilərin səs verməsi üçün hazır vəziyyətə gətirilmişdi.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
M.Pənahov bildirib ki, seçkilərə həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət tərəfindən böyük maraq göstərildi.
MSK sədri vurğulayıb ki, MSK bütün Azərbaycan vətəndaşlarının bu prosesə qoşulması üçün lazımi addımları atmışdı:
"Mərkəzi Seçki Komissiyasına daxil olan şikayətlərin və müraciətlərin sayı xeyli azalıb. Parlament seçkiləri ilə bağlı cəmisi 47 müraciət daxil olub. Namizədlər üçün lazımi şərait yaradıldı və onlar sosial şəbəkələrin də imkanlarından geniş istifadə etdilər. MSK namizədlərin sosial şəbəkələrdəki fəaliyyətinə nəzarət etmədi. Hesab edirəm ki, biz doğru mövqedə idik, çünki biz nə ictimaiyyətdən, nə də beynəlxalq qurumlardan heç bir irad almadıq, əksinə onlar bunu alqışladılar. Namizədlər fəallıq göstərərək seçiciləri ilə aktiv görüşlər keçirdilər".
M.Pənahov əlavə edib ki, MSK-ya daxil olan bütün müraciətlər KİV və ictimaiyyət nümayəndələrinin iştirakı ilə araşdırılacaq: "Hər kəs öz imkanları daxilində prosesə yardımçı olmalıdır".
Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib.
Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 1038 nəfəri kişi, 276 nəfəri isə qadın idi. Qadınların sayı ötən seçkilərlə müqayisədə 5-6 faiz çoxdur.
Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5426 daimi seçki məntəqəsi fəaliyyət göstərib.
Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.