Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2020 12:03
Deputatlığa namizədin vəfat edən vəkilinin oğlu mətbuata müracət edib.
Sonxeber.net-ın məlumatına görə, Samir Sübhan oğlu İsrafilov video müraciətində atasının ürək xəstəliyindən əziyyət çəkdiyini və onun ölümünə də bu xəstəliyin səbəb olduğunu bildirib: "Mənim atam seçki prosesində heç bir təzyiqə məruz qalmayıb. O, iki dəfə ürəyindən əməliyyat olunub və yenidən infarkt keçirərək rəhmətə gedib. Bu hadisəni siyasi oyunlara çevirməyin!"
Qeyd edək ki, sosial şəbəkələrdə 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizəd Mövsüm Aslanovun vəkili Sübhan Hacıyevin Göygöl rayonu Molla Cəlili seçki məntəqəsində səslərin sayılması zamanı qətlə yetirilməsi barədə məlumatlar yayılıb.
Baş Prokurorluğun yaydığı məlumata görə, fevralın 9-da saat 19 radələrində 101 saylı Göygöl-Daşkəsən Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Möhsüm Aslanovun vəkili, 1954-cü il təvəllüdlü Sübhan Hacıyevun həmin dairənin Göygöl rayonunun Mollacəlilli kəndində yerləşən 38 saylı seçki məntəqəsində 15-ə yaxın müşahidəçi və digər şəxslərin gözü qarşısında qəflətən vəfat etməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal hadisə yeri və meyitə prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspetinin iştirakı ilə baxış keçirilib.
Sübhan Hacıyevin meyitinin müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.
İlkin araşdırma zamanı müəyyən edilmişdir ki, seçki qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar həmin seçki məntəqəsindən dairə seçki komissiyasına hər hansı müraciət daxil olmayıb, eləcə də münaqişə və sair qanunsuzluqlar qeydə alınmayıb.
Sübhan Hacıyev uzun müddət ürək xəstəliyindən əziyyət çəkirmiş, xəstəliyi ilə əlaqədar 2 dəfə infarkt keçirmiş və təxminən 6 ay bundan əvvəl koronaroqrafiya (anju) əməliyyatı olunub.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.