Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2019 15:54
Bakı. Trend:
PAŞA Bank 31 dekabr 2018-ci il tarixinə bitən il üzrə özünün və törəmə banklarının (PASHA Bank Georgia və PASHA Yatırım Bankası A.Ş.) maliyyə nəticələrini mətbuat konfransında açıqlayıb.
Trend-in məlumatına görə, tədbirdə spiker qismində Bankın İdarə Heyətinin Sədri Taleh Kazımov və İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev çıxış ediblər.
2018-ci ildə PAŞA Bank Azərbaycan maliyyə sektorunda böyüməyə davam edib. Bank, şəffaf biznes təcrübələrini tətbiq edərək və ölkənin bank sahəsində şəffaflığın artırılmasına töhfə verərək korporativ və fərdi bankçılıq seqmentlərində yüksək keyfiyyətli maliyyə xidmətləri göstərməyi hədəfləyir. Bankın 2018-2020-ci illəri əhatə edən strateji inkişaf planında əsas hədəflərdən biri yüksək keyfiyyətli aktivlərin idarə edilməsidir. Bank aktivlərini yüksək likvidlik və yarı-likvidlik dərəcəsinə görə diversifikasiya edərək gəlirlilik və risk arasındakı balansı təmin edib.
PAŞA Bank, 548,009 min manat dəyərində olan ümumi kapital həcmi ilə ölkənin ən böyük kommersiya bankı mövqeyini qoruyub saxlayıb (2017: 499,149 min manat). İl sonu etibarilə PAŞA Bankın cəmi aktivləri 5,209,364 min manat təşkil edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 32% artıb (2017: 3,958,415 min manat).
31 dekabr 2018-ci il tarixinə Bankın aktivlərinin açıqlaması aşağıdakı kimidir:
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri - 29%
Müştərilərə verilmiş kreditlər - 33%
Kredit Təşkilatlarına verilmiş kreditlər - 6%
Qiymətli kağızlar portfeli - 28%
Digər cari və uzunmüddətli aktivlər - 4%
PAŞA Bank 2018-ci ildə umumi kredit portfelini 26% artıraraq 1,780,782 min manata (2017: 1,413,992 min manat) çatdıtıb və kreditləşmədə ciddi artım əldə edib. Portfel üzrə effektiv ehtiyat dərəcəsi 2,8% (2017: 4,5%) təşkil edib. 2018-ci ildə qeyri-işlək kreditlərin ümumi kredit portfelinə nisbəti 2017-ci illə müqayisədə 7.2%-dən 5.9%-ə düşüb. Qeyd olunan dövr ərzində davamlı şəkildə müştərilərə xidmət göstərən Bank, son illər ərzində inkişaf etdirdiyi biznes əlaqələrindən bəhrələnir. Bunun nəticəsi olaraq, PAŞA Bank müştəri depoziti bazasını 2018-ci ildə 3,953,952 min manata çatdırıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 37% çoxdur (2017: 2,889,961 min manat). Müştəri depozitləri əsasən tələbli və müddətli hesablarda uyğun olaraq 75% və 25 % nisbətində cəmlənib (2017: 64% and 36%). Bank 2018-ci maliyyə ili üçün 74,053 min manat xalis mənfəət (2017: 89,092 min manat) elan edib. Eyni dövr üçün toplam əməliyyat gəlirləri 214,162 min manat olub ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 10% çoxdur (2017: 194,340 min manat). Bankın faiz gəlirləri 229,566 min manat, qeyri-faiz gəlirləri 39,268 min manat təşkil edib. Nəticədə qeyri-faiz gəlirinin ümumi əməliyyat gəlirlərinə nisbəti 23% olub.
Beynəlxalq maliyyə institutları ilə əhatəli danışıqlar sayəsində geniş miqyaslı maliyyə alətlərindən istifadə imkanı əldə edən PAŞA Bank korporativ müştərilərinə daha çox ticari maliyyə xidmətləri göstərməyə nail olub. Bank, həmçinin iki qlobal reytinq agentliyindən kredit reytinqi aldıqdan sonra müştərilərin maliyyələşdirilməsi üçün daha yaxşı şərtlər əldə edib. İnstitusional səviyyədə Bank müştərilərlə məhsuldarlığı artıraraq vaxtında peşəkar xidmətlər göstərmək üçün müxtəlif seminarlar və təlimlər keçirib. 2018-ci ildə sənədləşmə əməliyyatları balansı (maliyyələşdirmə sonrası daxil olmaqla) 554,342 min manat (2017: 435,635 min manat) təşkil edib. 2018-ci ildə PAŞA Bank sərmayə yetərlilik nisbətinin ARMB-nin kapital qoyuluşları üzrə tələbinə uyğun olaraq 11.8% açıqlayıb (2017: 15%). Bank Basel II və Basel III dövrünü bitirdikdən sonra kapitalını dividendlər vasitəsilə səhmdarlara qaytararkən tələb olunan kapital səviyyələrinə diqqət yetirməyə davam edir.
PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımovun sözlərinə görə, Bankın 2018-2020-ci illərə dair İnkişaf strategiyasına əsasən Bank yeni sənayeləri və seqmentləri, məhsul və xidmətlərin rəqəmsallaşdırılmasını və yeni onlayn kanalların təqdim edilməsini hədəfləyir.
“Bu səbəbdən müştərilərimizə daha yaxşı xidmət etmək və müştəri tələblərini daha yüksək səviyyədə təmin etmək məqsədi ilə biz regionda ilk dəfə olaraq müştərilərin istifadəsi üçün rəqəmsallaşdırılmış onlayn hesab açma həlli və yerli bazar üçün bir sıra yenilikləri təqdim etmişdik. Bu yanaşma bütün müştəri seqmentləri üçün onlayn bankçılıq kanallarını yaratmaq potensialını yaradır və bizə Milli iqtisadiyyatın inkişafına dair strateji yol xəritəsinin həyata keçirilməsinə güclü dəstək vermək imkanı verir”, - deyə T.Kazımov fikrini yekunlaşdırıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin