Tarix: 12 Fevral 2020 14:42
"Intel" şirkəti koronavirus epidemiyasına görə "Mobile World Congress 2020" sərgisində iştirakdan imtina edib. Bu barədə şirkət nümayəndəsi bildirib.
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta www.lenta.ru" resursuna istinadən yazır ki, onun sözlərinə görə, əməkdaş və tərəfdaşların təhlükəsizliyi şirkət üçün əsas prioritetdir. "Bu səbəbdən biz bu il "MWC" sərgisində iştirak etməyəcəyik", – o qeyd edib. "Intel" sərginin təşkilatçısı qismində çıxış edən "GSMA" Assosiasiyasına təşəkkürünü bildirərək növbəti tədbirdə mütləq iştirak edəcəyini bəyan edib.
ABŞ korporasiyası nümayəndələrinin sərgidə iştirak etməyəcəyinə baxmayaraq "MWC" zamanı bir neçə təqdimatlar keçirəcək. Tədbirdə iştirakdan "Intel" ilə yanaşı, "Amazon", "LG Electronics", "Ericsson", "Nvidia" və s. şirkətlər imtina edib.
"Xiaomi" şirkəti də koronavirus epidemiyasına görə Çində smartfon təqdimatını ləğv edib. Bunun əvəzinə, şirkət fevralın 13-də onlayn təqdimat keçirməyi planlaşdırır. "Mi 10" seriyalı qurğuların nümayişi isə fevralın 23-də – "MWC" sərgisinin açılışından bir gün əvvəl baş tutacaq.
Qeyd edək ki, "Mobile World Congress" dünyada mobil sənaye sahəsində ən böyük sərgilərdən biridir. 2006-cı ildən sərgi tərəfdaş və qonaqları Barselonada bir araya gətirir. Bu il sərgi fevralın 24-27-də keçiriləcək.
Nizam Nuriyev