Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2020 18:51
Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 9 fevral 2020-ci il tarixdə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclası keçirilib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, seçkinin nəticəsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin qərarı ilə təsdiq edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclasını Ali Məhkəmənin sədri Qasım Əliyev açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin bugünkü iclasının gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 9 fevral 2020-cil il tarixdə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsi haqqında məsələ çıxarılıb.
Sonra Ali Məhkəmənin hakimi Əli Allahverdiyev seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair məruzə ilə çıxış edib.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov iclasda çıxış edərək seçkilərə hazırlıq prosesindən başlayaraq son nəticələrə qədər həyata keçirilmiş işlər barədə geniş məlumat verib.
Mütəxəssis qismində çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin şöbə müdiri Rəhim Əsgərov Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mütəxəssislərinin yoxlama prosesində yaxından iştirak etdiyini qeyd edərək yoxlamanın yekununa dair tərtib olunmuş arayışı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin diqqətinə çatdırıb.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti fevralın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılmasına dair qərar qəbul olunması üçün müşavirəyə çıxıb.
Ali Məhkəmənin Rəyasət Heyəti müşavirədən qayıtdıqdan sonra Naxçıvan MR-sı Ali Məclisinə 9 fevral 2020-ci il tarixdə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair Naxçıvan MR-sı Ali Məhkəməsinin Rəyasət Heyətinin qərarını elan edib. Qərarı Ali Məhkəmənin sədri Qasım Əliyev oxuyub və qərar təsdiq edilib.