Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2020 18:46
"Sabah"ın baş məşqçisi Jelko Sopiç Azərbaycan Premyer Liqasının 16-cı turunda “Səbail”lə oyundan (0:0) sonra mətbuat konfransı keçirib. Qol.az xəbər verir ki, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib.
- Sonda qazanılan 1 xala görə məmnunuq. Bəzən istəmədiyin halda dəyişikliklər etməli olursan. Uşaqlar sona qədər döyüşdülər və 1 xal əldə etdik.
- Cavid İmamverdiyev, Təmkin Xəlilzadə, Coşqun Diniyev, Rəşad Eyubov millinin üzvləridir, ancaq sizdə ehtiyatda qalırlar. Bunun səbəbi nədir?
- Komandamda ən hazır olanlar meydana çıxır. Bu gün Təmkinin ehtiyatda olmasının səbəbini özü daha yaxşı bilir.
- Marko Deviç və Ulis Diallo niyə oynamır?
- Marko zədəlidir. Ona görə oynaya bilmir. “Qarabağ”la oyuna kimi hazır olacağına inanıram. Ulisə gəlincə, ondan daha yaxşı oyunçularımız var.
- Ramil Şeydayevin hazırkı durumu necədir?
- Çox yaxşı məşq edir. Amma biz başa düşməliyik ki, onun üçün hər şey o qədər də asan deyil. O, yalnız fərdi məşq edir. Mən inanıram ki, bizimlə bir müddət olduqdan sonra zədəsiz şəkildə oynaya biləcək.
- Qırmızı vərəqə olmasa, nəticə lehinizə olacaqdımı?
- Bunu dəqiqliklə deyə bilmərik. Bu gün bizim üçün ağır oyun oldu. 75 dəqiqə azlıqda oynamaq çətin idi. Çünki dəli kimi topun arxasınca qaçmalı olurduq. Son 20-25 dəqiqədə yaxşı oynadıq. Bəxt bir qədər yanımızda olsaydı, qol da vura bilərdik.
- Son 3 oyunda 7 xal qazanmısız. Bunu davam etdirmək çətin olmaz?
- Növbəti tur Azərbaycanın ən yaxşı komandası “Qarabağ”a qarşı oynayacağıq. Bu tendensiyanı davam etdirməyə və xal qazanmağa çalışacağıq.
- Qırmızı vərəqə olmasaydı, Ramilə daha çox şans verməyi düşünmürdünüz, yoxsa bu qədər kifayətdir?
- Bəlkə də, ona yarım saat şans verə bilərdik. Ramillə bağlı risk etmək istəmirik. İstəmirik ki, hazırlıqsız oynayıb zədə alsın. İnanıram ki, qısa müddətdə daha hazır olacaq. O, məşqlərdə çox çalışır.
- Bu gün komandanı pis vəziyyətdə qoyan Yevgeni Koçuku cəzalandıracaqsınız?
- Onunla bağlı fikirlərimi özünə bildirdim. İctimaiyyətə açıqlamaq istəmirəm. Lazımsız qırmızı vərəqə idi.