Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Problem məşqçilərdədir, uşaqlarda yox” – Aqil Nəbiyev

“Problem məşqçilərdədir, uşaqlarda yox” –  Aqil Nəbiyev

Tarix: 24 Fevral 2020 12:24

16 yaşadək futbolçulardan ibarət yığma komandamızın yeni baş məşqçisi Aqil Nəbiyevin Qol.az saytına müsahibəsi

- İlk dəfə milli komadaya baş məşqçi təyin olundunuz. Təəssüratlarınızı bilmək istərdik.

- Təbii ki, milli komandada çalışmaq həm şərəfdir, həm də böyük məsuliyyət. Bildiyiniz kimi, yığmamızda futbolçu kimi də çıxış etmişəm. İndi də məşqçi kimi təyinat aldım. Millini təmsil etmək hər bir insan üçün şərəfli işdir. Təbii ki, ağır bir iş olduğunu da bilirəm. Amma inanıram ki, bu ağır işin öhdəsindən hər kəsin köməkliyi ilə layiqincə gələcəyik. Çünki milli komanda tək mənim, federasiyanın yox, hamınındır. Hamımız əl-ələ verib, bütün yaş qruplarından olan komandalarımızın yaxşı nəticə verməsi üçün çalışmalıyıq.

- Artıq işə başlamısınız?

- Biz demək olar ki, beş aydır Miloş Velibitin rəhbərliyi altında elit layihədə çalışırıq. Demək olar ki, işə oradan başlamışıq. Çünki 2005, 2006, 2007 və 2008-ci il təvəllüdlü uşaqları Bakı və Sumqayıt zonasında izləmişik. Oradan ən yaxşı, perspektivli uşaqları həftədə iki dəfə olmaqla məşqlərə dəvət etmişik. Demək olar ki, hər yaş qrupundan uşaqlar var. Bakı və Sumqayıtda olan bütün istedadlı uşaqları yaxından izləyirik. Uşaqların həm futbolçu, həm də inasi keyfiyyətlərinə baxırıq. Bu futbolçular millinin formasını geyinəcəklər. Ona görə də dəvət edəcəyimiz futbolçunun necə bir xarakterli insan olması da bizim üçün vacibdir. Çünki ölkəmizi təmsil edəcəklər. Dediyim kimi, bu işlərdən başlamışıq. Yəqin ki, yaxın günlərdə görüşlərimiz də olacaq. 

 “Zirə”nin U-17 komandasında da işləmişəm. Təbii ki, əsas işim elit layihədə oldu. Bu lahiyə milli komandanın bir qoludur. Biz bu layihədə bir neçə istedadlı uşaqlar tapdıq.

- Azərbaycanda uşaq futbolundakı vəziyətin ürəyaçan olmadığını nəzərə alsaq, çətin bir işə başladığınızı demək olarmı?

- Kimsə deyə bilməz ki, Azərbaycanda istedadlı futbolçu yoxdur. Əlbəttə var. Sadəcə, gərək koordinatorlar, məşqçilər uşaqları düzgün yönləndirsinlər. Artıq 5 aydır ki, biz elit layihədə Miloş Velibitin tərtib etdiyi proqramı tədbiq edirik. Hətta dəfələrlə klub rəhbərlərinə dəvət göndərilib. Bir neçə dəfə klub məşqçiləri dəvət edilib. Klublar da milli komandamız üçün çalışmalıdır. Həqiqətən biz hamımız milli komandaya futbolçu yetişdirməliyik. Hamımız bir-birimizə dəstək verməliyik ki, sabah yığmaya gələn futbolçu hazır oyunçu olsun. Özünüz yəqin ki, klublarda olan bəzi prosesləri bilirsiniz, məşqlərin səviyyəsindən xəbəriniz var. Mən layihədə tədbiq etdiyimiz proqramı bir neçə məşqçiyə vermişəm. Miloş Velibit Azərbaycana gəlmiş ən yaxşı koordiatorlardan biridir. Çünki işini sevir, çox ciddi yanaşır. İnsan gərək haqqı desin. Beş aydır onunla çalışıram, həqiqətən Azərbaycan üçün iş görür. Əlbəttə işinin haqqını alır.
Bu gün klubların uşaq futbolunda problemlər var. Hamısını şamil etmirəm. Ancaq getdikcə qaydasına düşəcək. Biz klublarda həftədə 4-5 dəfə məşq edən uşaqları dəvət edirik ki, yeni proqramdan yararlansınlar. Bizə gələn uşaqlarda artım çoxdur. Təbii ki, problemlər var. Bilirsiniz ki, milliyə gələnlər hazır futbolçu olmalıdır. Yığmada uzun müddət toplanış edə bilmirsən. Hazırlıq prosesi qısa olur. Vaxt azlığına görə istədiyinin hamısını edə bilmirsən. Ancaq problemlər olsa da, bunu qabarıq şəkildə ortaya çıxarmalı deyilik. Maksimum dərəcədə çalışıb, ölkəmiz üçün faydalı komandalar yaratmalıyıq. Buna inanıram.

- İstedadlı uşaqların çox olduğunu dediniz. Bəlkə, yaxşı məşqçilər olmadığı üçün bu futbolçular yuxarı qaş qruplarından olan komandalara qədər gəlib çıxa bilmir?

- Elit layihədə bütün bölgələrdəki məntəqələrə kameralar yerləşdirilmişdi. Miloş Velibit özü məşq prosesinə nəzarət edirdi. Bunların məqsədi istedadlı uşaqlarla yanaşı həm də yeni istedadlı məşqçilər ortaya çıxarmaq idi.  Problem biz məşqçilərdədir, uşaqlarda yox. Ümumi danışıram. Uşaqların beyni ağ kağız kimidir. Onlara nə versən, onu qəbul edəcəklər. Gərək təməl düzgün olsun. Onun üçün də yaxşı məşqçilər olmalıdır. Bəli, uşaqların təməli yaxşı olmadığına görə yuxarı yaşa gələndə itib-batırlar. Bu gün problemimiz budur. Mən 2005-ci il təvəllüdlülərin bütün oyunlarını izləmişəm. Biz elit layihəyə uşaqları oradan dəvət edirdik. Hər həftə müxətlif stadionlara gedib, uşaqların oyunlarınız izləmişəm. Bundan sonra isə işim sırf bundan ibarətdir. Daha da məsuliyyətli olmalıyıq ki, yığma komandalarımızı yuxarı səviyyəyə qaldıraq.

- Yetirməsi olduğunuz Tovuzda uşaq futbolunun vəziyyəti necədir?

- Tovuzda da məşqlər izlənilir. Qazax, Ağstafa, Şəmkir və Gədəbəy zonalarına da nəzarət olunur. AFFA-nın bayrağı altında aşağı yaş qrupları arasında keçirilən çempionatın oyunları hər həftə Tovuzda olur. Oradakı koordinatorlar bütün oyunları izləyirlər və lazımı qeydləri aparırlar. Bundan sonra daha yaxşı olacaq.

- AFFA-nın Tovuzda inşa etdirdiyi futbol akademiyasında işlər nə vaxt tamamlanacaq?

- İşlər davam edir. Həqiqətən böyük bir iş görülür. Tək Tovuz yox, Azərbaycan futbolu üçün faydalı olacaq. Yaxın aylarda tamamlanacaq və futbolumuz bundan faydalanacaq. Bir neçə dəfə Tovuza səfər etmişəm, oradakı işlərlə tanış olmuşam. Sevindiricidir ki, Tovuzda belə bir şərait qurulur. Bütün Tovuz camaatı buna sevinir. Valideynlər də gözləyir ki, uşaqları akademiyadan yararlanacaq. Əvvəl valideynlər uşaqları ya Bakıya, ya da Qəbələyə göndərirdilər. Artıq bütün qərb bölgəsi Tovuzda açılacaq akademiyadan yararlanacaqlar.

- U-16 millimizi qarşıda hansısa tunir gözləyir?

- Bunu yaxın günlərdə biləcəyik. Çox güman ki, Bakıda toplanışlarımız olacaq. Bilirsiniz ki, 2-3 gündür təyinat almışam. Bu barədə söhbət edəcəyik.

Ramiq AĞAMƏMMƏDOV
 


Etiketlər:  Problem məşqçilərdədir uşaqlarda yox Aqil Nəbiyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ