Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2019 11:48
Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq etməkdə təqsirləndirilən Sərməs Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Tağıyev barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, S.Tağıyev Ümid Partiyasının sədri İqbal Ağazadənin etibarından sui-istifadə edərək onun 165 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, S.Tağıyev daha əvvəl də eyni maddə ilə mühakimə olunub. O, 5 avqust 2015-ci il tarixdə Bayram Hüseynovun oğlu Ramin Hüseynlinin adına ipoteka fondundan 70 min manat kredit götürməyə kömək edəcəyini vəd verib və 4 min manat pul alıb. Bundan başqa, S.Tağıyev 18 avqust 2015-ci il tarixdə İbrahim Cəbiyevə ipoteka fondundan 50 min manat kredit götürəcəyini vəd edərək Abşeron rayonu Xırdalan şəhəri Dövlət Əmlak Agentliyinin inzibati binasında yerləşən ev alğı-satqı ofisində 10 min manat pul alıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Tağıyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan o, apelyasiya şikayəti verib və cəzasının yüngülləşdirilməsini istəyib. Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə S.Tağıyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, o, azadlığa buraxılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin