Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2020 09:54
Bu gün Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi ("İKT Lab") Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə tədbir keçirib.
Tədbirdə daha çox uşağın iştirakının təmin edilməsi məqsədilə İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin Gəncə, Mingəçevir, Lənkəran şəhərləri, Zaqatala, Şamaxı, Qəbələ rayonlarında yerləşən mərkəzləri vasitəsilə 120-yə yaxın uşağın birbaşa tədbirə qoşulması təmin olunub. Mərkəzdə təşkil olunan tədbirdə birbaşa iştirak edən və rayonlardan onlayn şəkildə qoşulan uşaqlara Xocalı faciəsi barədə ətraflı məlumat verilib.
Bildirilib ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri Xocalı şəhərində genosid aktı həyata keçirib. 4 ay mühasirədə qalan Xocalı şəhərinə hücum zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-nin taleyi hələ də məlum deyil.
Uşaqların diqqətinə çatdırılıb ki, bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilib.