Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2020 18:10
Moskvada başa çatmış “Aeroflot Open” turnirində 14 yaşlı Aydın Süleymanlının çempion olması şahmat millimizin üzvü Şəhriyar Məmmədyarovun diqqətindən yayınmayıb.
Qol.az xəbər verir ki, o, sosial şəbəkə hesabında şahmatçılarımızın Moskvadakı uğurlu çıxışından yazıb:
“Turnir bitdi. Öncə Raufu təbrik edirəm. Çoxdan gözlədiyim oyun göstərdi. Turniri inanılmaz yüksək səviyyədə keçirdi və heç bir oyunda pis vəziyyət almadı. Sözsüz ki, oynadığı ən pis oyun son oyunu idi, bunun da səbəbi var, ürəkdən mübarizə apara bilmədi.
İkincisi, Aydın haqqında danışmaq istərdim. İnanılmaz bir uğurdur, oyununda inanılmaz soyuqqanlıq var. Böyük şahmatçı olacağına şübhəm yoxdur, amma nə qədər böyük usta olacağını zaman göstərəcək. Ən azından Azərbaycan şahmatının gələcəkdə ümid yeri olacağına doğru böyük addım atdı.
Belə davam etsə, tezliklə ondan 2700 və 2800 görəcəyik. Bizim şahmat federasiyası isə gərək, vaxt itirmədən bu gənci milliyə dəvət etsin. Çünki millimiz artıq yerində sayır və gərək, gənclərimizə dəstək olsun. Bu gənclər mənim, Teymurun, Vüqarın yerini yox, onlar bizdən də üstün olsunlar. Bu sözlər təkcə Aydına aid deyil, irəlidə gedən bütün gənclərə aiddir.
Mən şəxsən yerimi onlara verməyə hazıram. Mən dünyada 2 nömrəli şahmatçı omağı bacardım, amma bu azdır. Mən 1 nömrə olacaq şahmatçımızı gözləyirəm. Var qüvvəmlə bizim gənclərin yanındayam. Sizə inanıram və güvənirəm. Rauf, Aydın və Vüqarı təbrik edirəm. Vətənimiz üçün inamılmaz turnir oldu”.