Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İndi rəqiblər ''Səbail''ə hörmət edir'' - Adil Nağıyev

''İndi rəqiblər ''Səbail''ə hörmət edir'' -  Adil Nağıyev

Tarix: 2 Mart 2020 18:18

"Səbail"in müdafiəçisi Adil Nağıyevin Qol.az saytına müsahibəsi


- Əvvəlcə son oyunuzdan danışaq. “Neftçi”dən də xal almağı bacardınız.

- Çətin oyun oldu. Çünki “Neftçi” Azərbaycanın ən güclü 2 klubdan biridir. Üstəlik evdə çıxış edirdilər. Hamı onları favorit kimi görürdü. Amma biz oraya məğlub olmağa, təslim olmağa yox, yaxşı nəticə üçün getmişdik. Düzdür, “Neftçi” qalib də gələ bilərdi. Şansları da oldu. Amma biz də fürstədən istifadə etdik. Bu günə görə “Neftçi” səfərindən 1 xalla qayıtmaq yaxşı nəticədir. Hazırda yaxşı oyun nümayiş etdiririk. Bu seriyanı davam etdirmək istəyirik.

- Uğurlu seriyadan söz düşmüşkən, qış fasiləsindən sonra yalnız “Qarabağ”a uduzmusunuz, digər 4 görüşdən isə 8 xal toplamısınız. Fasiləyə qədər isə arıdıcıl məğlubiyyətləriniz olurdu. Bu irəliləyişin əsas səbəbi nədir?

- Biz çempionata yaxşı başlamışdıq. Yuxarı pillələrdə qərarlaşmışdıq. İkinci dövrədə komandada eniş baş verdi. Neçə oyunda qalib gələ bilmədik. Qış fasiləsindən sonra gedənlər də oldu, yeni gələnlər də. Gələn futbolçular maksimum gücünü qoyub, komandaya kömək etməyə çalışır. Qışda yaxşı məşq prosesi keçdik. Çalışdıq ki, daha yaxşı nəticələr qazanaq. Bacardığımız qədər daha da irəli getmək istəyirik. Hər oyuna final kimi baxırıq. Bəli, qış fasiləsindən sonra yalnız “Qarabağ”a uduzduq, özü də son dəqiqə qolu ilə. Onlardan da bir xal alsaydıq, bəlkə, daha yaxşı nəticə olardı. İnşallah, bundan sonra da yaxşı nəticələr qazanmaq üçün çalışacağıq.

- Bu uğurlu çıxışlar komandanın iddiasını artırırmı?

- Əlbəttə, hər oyun yaxşı nəticə qazandıqca, qalib gəldikcə o biri oyunlara daha yaxşı motivasiya olursan, daha yaxşı yerlər üçün həvəslənirsən. Amma uduzanda komandada bir az ruh düşkünlüyü olur. 4-cü yerlə cəmi 3 xal fərqimiz var. Qışdan əvvəl harada idik, indi haradayıq. Əvvəl bizə autsayder kimi baxırdılar. İndi isə rəqiblər bizə hörmət edir, ciddi yanaşır.

- Bu, bəlkə də qarşıdakı oyunlar üçün işinizi çətinləşdirir.

- Əlbəttə. Qarşıda “Zirə” ilə çətin matçımız var. Onlar da 4 oyundur məğlub olurlar. “Zirə” üçün də vacib oyundur. Onların qarşısında Avroliqa iddiası var. Ona görə də çox çətin olacaq. Amma biz 3 xal üçün meydana çıxacağıq. Onları məğlub etsək, daha yuxarılara qalxacağıq. Buna görə də bizə yalnız qələbə lazımdır.

- Dediniz ki, “Zirə”nin Avroliqa iddiası var. Bəs, “Səbail”də necə?

-Çempionatın startından bəri məqsəd qoyulmamışdı ki, sırf Avropa Liqasına vəsiqə qazanmalıyıq. Məqsəd odur ki, çempionatda komanda şəklində yaxşı çıxış edək, yaxşı nəticələr qazanaq, bacardığımız qədər yuxarı pillələrdə qərarlaşaq. Hər oyunda da maksimum xal yığaq. Amma “Zirə”də vəziyyət başqadır. Onlar üçün Avroliqa hədəfi qoyulub. Düzdür, biz də istəyirik ki, yaxşı nəticə qazanıb, Avropa Liqasına düşək, yaxşı yerlər üçün oynayaq. Lakin rəhbərlikdən tələb yoxdur. İstəyirik ki,  komanda şəklində, futbolçular və məşqçilər heyəti ilə birlikdə uğur qazanaq. Gücümüz də var. İnşallah, Avroliqaya gedərik. Amma rəhbərlik bunu  bizim üçün hədəf olaraq qoymayıb.

- Mövsümün əvvəllərində klubda maliyyə problemləri  var idi. Bu da komandaya mənfi təsir edirdi. İndi vəziyyət necədir?

- Maliyyə problemi hər bir komandada ola bilər. Əmək haqlarında 5-10 gün gecikmələr olur. Amma əsas odur ki, verilməyəcək deyə problem yoxdur. Gecikmələr bizim oyunumuza təsir edə bilməz. Yəni, meydana çıxanda heç kim bu haqda fikirləşmir.

- Hazırda Azərbaycanda mərkəz müdafiəçisi çox azdır. Sizcə, bunun səbəbi nədir? Bəlkə, bu mövqedə oynamaq məsuliyyətli və çətin olduğuna görədir?

- Hər bir uşaq futbola gələndə böyüyəndə bir nəticəsinin olmasını istəyir. Yəni, bir mövqe seçir. İndiki uşaqlar da çoxu orta xətt, hücum, qapıçı seçir. Hərə bir mövqe seçir. Mərkəz müdafiəçisi olmaq da kimdəsə alınır, kimdəsə alınmır. Məncə, bizim çempionatda normal mərkəz müdafiəçiləri var. Premyer Liqada komanda sayı da azdır. Amma yerlilərdən az da olsa, mərkəz müdafiəçiləri var.

- Reallıq budur ki, azdır. Millidə çıxış etməyə layiq olanlar da barmaqla sayılacaq qədərdir. Bəs, siz özünüzü yığmada görürsünüz?

- Bu haqda nə isə demək çətin olar. Buna mən qərar vermirəm. Məşqçilər baxır. Millinin bütün yaş qruplarında oynamışam. Bir zaman - Robert Prosneçkinin vaxtında  əsas yığmaya da dəvət almışam. İndi də çalışıram ki, sabit oynayım, məni də çağırsınlar. Əlbəttə, özümə güvənirəm. Mənim belə bir potensialım var. Orada oynaya bilərəm. Güvənmək lazımdır. Mən milliyə layiq olduğumu öz oyunumla sübut etməyə çalışıram ki, dəvət göndərsinlər.

Ramiq AĞAMƏMMƏDOV

 


Etiketlər:  İndi rəqiblər Səbailə hörmət edir Adil Nağıyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ