Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 13:40
Pis qrup deyil. Rəqiblərimiz oynayan komandalardı. Ancaq əlbəttə, gücümüzə görədirlər.
Sonxeber.net xəbər verir ki, bu fikirləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev bildirib.
Bu gün Hollandiyanın paytaxtı Amsterdamda UEFA Millətlər Liqasının püşkü atılıb. Bu dəfə C liqasında çıxış edəcək millimiz Monteneqro, Kipr və Lüksemburq yığmalarıyla birgə 1-ci qrupa düşüb. Püşkün nəticəsindən razı qalan Şeydayev hər üç yığmanı "dişimiz"ə görə hesab edir: "Tamamilə normal qrupa düşmüşük. Sadəcə, oyunlara düzgün yanaşmaq lazımdı. Qrupdakı matçlarda qalib gəlməyə çalışacağıq. Bu, bizim üçün yaxşı şansdı".
Ramil hər bir yığmanı ayrılıqda xarakterizə etməyərək fikrini belə əsaslandırıb: "Çünki onların heç birinə qarşı oynamamışam. Onu deyə bilərəm ki, 1-ci yer uğrunda mübarizə aparacağıq".
Millimzin təqvimi az sonra bilinəcək. Maraqlıdı, qrup mübarizəsini evdə başlayıb, səfərdə bitirmək yaxşıdı, yoxsa əksinə? "Sabah"ın hücumçusunu dinləyək: "Açıq deyim ki, bu haqda ən son olaraq düşünmək lazımdı. Bu, elə vacib detal deyil".
Xatırladaq ki, millimiz Millətlər Liqasında mübarizəyə bu ilin sentyabrın əvvəlində başlayaraq noyabrın sonunda yekun vuracaq.