Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elxan Məmmədovdan çoxdan gözlənilən və alqışlanacaq gediş

Elxan Məmmədovdan çoxdan gözlənilən və alqışlanacaq gediş

Tarix: 5 Mart 2020 16:26

Bu günlərdə AFFA-nın köhnə-yeni tərkibdə rəhbərliyi - icraçı vitse-prezident Elxan Məmmədov, vitse-prezident Vaqif Sadıqov ölkəmizin futbol veteranları ilə bir araya gəldi. Görüşlə bağlı iki məqam xüsusi diqqət çəkir.

Bir: müzakirələr məhdud deyil, 200-dək futbol adamının iştirakı ilə geniş tərkibdə keçirildi. Bu, müstəqil Azərbaycanın futbol tarixində ilk belə kütləvi toplantı idi və son aylar futbol veteranlarının bir hissəsinin AFFA-ya açıq narazılığının artması fonunda lazımlı və yerində verilmiş bir qərar idi.

İki: toplantıya son aylar federasiyaya qarşı sərt mövqedən çıxış edən şəxs(lər) dəvət edildi və onlardan ən azı Nazim Süleymanova çıxış üçün imkan yaradıldı.

Amma əlbəttə, müsbət olmayan detal da var.

Media bu tədbirə dəvət edilmədi. Bu səbəbdən müzakirələr necə və hansı səviyyədə keçdi, bundan böyük azarkeş ordusu da xəbər tuta bilmədi. Ümumiyyətlə, jurnalistlərin belə kütləvi tədbirdən kənarda qalmasında məntiq yoxdur. Çünki bu, 3-4 nəfərin iştirakı ilə keçirilən məxfi görüş deyildi. AFFA rəhbərliyinin futbol ictimaiyyətinə doğru bu xoşməramlı addımının geniş təbliğ və şərhinə ehtiyac vardı. Amma görünür, Elxan Məmmədovun ictimai rəydə imicinin daha çox zədələnməsinə səbəb olmuş federasiyanın son 2 ildəki qüsurlu media siyasəti onu diqtə etdi ki, jurnalistlər bu görüşdən də kənarda qaldılar.

Bununla belə, medianın həmin tədbirdən kənarda qalması bu görüşün əhəmiyyətini azalda bilməz. Əvvəla, belə müzakirəyə uzun illər idi ehtiyac vardı və qurumun rəhbərliyi gec də olsa, bu istiqamətdə addım atdı. Elxan Məmmədovun futbol ictimaiyyətinə doğru bu açılımı, onların problemini üz-üzə görüşdə şəxsən dinləməsi və bu məsələdə yardım edəcəyini deməsi də istənilən halda çoxdan gözlənilən və alqışlanacaq addım kimi vurğulanmalıdır. Yəni bu görüş ətrafında isterika yaradılmamalı, quraguruh fikirlər olmamalıdır. Unutmayaq ki, bu tipli geniş təmaslar indiyədək geniş formatda olmayıb.   

Çünki indiyədək federasiyadan, futbolun problemlərindən haqlı narazılıq edən şəxslərə AFFA-da müəyyən qruplar tərəfindən əsassız olaraq “düşmən” kimi qəbuledilməz damğalar vurulub. Bu, bir tərəfdən E.Məmmədovun özünün haqlı olmayan şübhələri, daha çox isə onun ətrafının narazı futbol təbəqəsi barədə əvvəli və sonu olmayan hüdudsuz fantasiziyası sayəsində mümkün olub. Nəticədə futbol adamları AFFA-dan incik düşüb, münasibətlərdə gərginlik, uçurum yaranıb. Bu isə onsuz da ictimaiyyətdə federasiya haqda yaranmış neqativ fikri daha da artırıb.

Amma veteranlarla bu tipli görüşlər AFFA ilə futbol ictimaiyyəti arasındakı açıq və gizli gərginliyi, şübhəsiz ki, azalda bilər. Bunun üçün tək görüşlər də kifayət deyil. Öncə işsizliklə üzləşən futbol adamlarının problemlərinin həlli istiqamətində verilən vədlər söz olaraq qalmamalıdır. Məlum, onların hər birini işlə təmin etmək AFFA üçün çətin olar. Amma E.Məmmədovun bu məsələ ilə əlaqədar klub rəhbərləri ilə söhbətinə həqiqən, zərurət var. Görüşdə də bu haqda onun özünün belə bir niyyətdə olduğu bildirilib. Bu gün başda “Qarabağ” və “Neftçi” olmaqla iki köklü klubun neçə-neçə sabiq oyunçusu işsiz və borc içindədir. Yüksək büdcəsi olan bu klubların onlardan bəzilərini işlə təmin etməsi çətin olmaz və bu işdə E.Məmmədov amili mühüm təsiredici faktordur. Hərçənd görüşdə təkcə sosial problemlərlə bağlı məsələ deyil, futbolun problemləri ilə bağlı səslənən təklif və fikirlər də diqqətdən qaçmamalıdır. Ona görə ki, futbolumuzda problemlərin həlli yolu həm də - əgər müasir dövrlə ayaqlaşırsa, futbol ictimaiyyətinin və medianın fikrini qəbul edib lazımi tədbirləri görməkdir.

Elxan Məmmədov veteranları bir araya gətirməklə bu istiqamətdə ilk addımı atdı. Hə, başda Nazim Süleymanov olmaqla bir qrup veteran narazı idi və şübhəsiz ki, görüşün baş tutmasında həmin amil az rol oynamadı. Amma bu tipli müzakirələr dayanmamalı, AFFA rəhbərliyi səviyyəsində ildə azı 2 dəfə də olsa keçirilməli, veteranların fikir və problemləri öyrənilməlidir.

Belə olarsa, bəlkə bundan sonra futbol adamları axır ki, AFFA-nı bir ictimai qurum yox, həqiqətən futbol adamlarımızı bir yerə toplayan ev, nicat yeri kimi görə bilələr.

Aydın BAĞIROV

 


Etiketlər:  Elxan Məmmədovdan çoxdan gözlənilən alqışlanacaq gediş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ