Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2020 18:26
Azərbaycan Gimnastika Federasiyası bütün yarışları gözəl təşkil edir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə kişi gimnastikası üzrə "AGF Junior Trophy" beynəlxalq turnirinin tamaşaçısı Gülnar Rəsulova deyib.
O bildirib ki, uşaqları gimnastik ilə məşğul olduğu üçün Milli Gimnastika Arenasında yarışlara tez-tez gəlir:
"Azərbaycan Gimnastika Federasiyasının yarışlara yanaşmasını çox bəyənirəm. Tribunalarda dostluq mühiti hökm sürür. Hər şey çox dəqiq və baxımlıdır. Bilirəm ki, idmançılar üçün dəstək çox vacibdir. Azarkeşlər təkcə öz həmyerlilərini yox, bütün iştirakçıları dəstəkləyir".
Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə "1-ci AGF Junior Trophy" adlı beynəlxalq turnir təşkil edir. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.
"AGF Junior Trophy" 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.
Azərbaycanı turnirdə Ramin Dəmirov, Mənsum Səfərov, Anar Həsənov, Rəsul Əhmədzadə və Ağakazım Rüstəmov təmsil edir.
Anar Həsənov və Rəsul Əhmədzadə fərdi çoxnövçülükdə, Ağakazım Rüstəmov sərbəst hərəkətlərdə və dəstəli at üzərində hərəkətlərdə, Mənsum Səfərov sərbəstə hərəkətlərdə, halqalarla hərəkətlərdə, dayaqla tullanmada, paralel qollarda və turnik üzərində hərəkətlərdə, Ramin Dəmirov dəstəli at üzərində, halqalarla hərəkətlərdə, dayaqla tullanmada, paralel qollarda və turnik üzərində hərəkətlərdə çıxış edəcək.
Yarışda həmçinin azərbaycanlı gimnast Səməd Məmmədli müsabiqədən kənar olaraq iştirak edir.