Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oxutmuram, əl çəkin: Belə getsə, repetitorlardan can qurtarmaq olmayacaq

Oxutmuram, əl çəkin: Belə getsə, repetitorlardan can qurtarmaq olmayacaq

Tarix: 8 Mart 2020 14:46

Bir neçə gün öncə Nazirlər Kabineti "Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası"nı təsdiq etdi.

Sonxeber.net bildirir ki, bununla əlaqədar bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində dərslik və tədris vəsaitlərinin hazırlanması prosesini yaxşılaşdırılması, buna mane olan amillərin aradan qaldırılması ilə bağlı məsələlərdən bəhs edilən mətbuat konfransı keçirildi.

Konfransda çıxış edən Təhsil Nazirliyi nəzdində İctimai Şuranın üzvü Elmina Kazımzadə bildirib ki, yeni dərsliklərin hazırlanması ilə bağlı dəyişikliklər hər zaman olacaq. Çünki buna ehtiyac var: "Birinci siniflər üçün dövlət tərəfindən maliyyələşdirilərək hazırlanan yeni komplektlər veriləcək. Yəni bu, uşaqlar üçün dövlət tərəfindən verilən böyük hədiyyədir. Dərsliklə təhsil səviyyəsini müəyyənləşdirmək olmaz. Bəzən müəllimlər bir vəsaiti əlində saxlayıb bütün dərs boyu həmin dərslikdən istifadə edirlər".

E.Kazımzadə qeyd edib ki, bundan sonra dərsliklərlə yanaşı, digər resurslar da olacaq. Bunlar xəritələr, onlayn resurslar, oyunlar və s. ola bilər.

"Valideynlərin də bu vəsaitləri almağa hazır olması əsas amillərdən biridir. Azərbaycanda qrif* anlayışı var. Digər ölkələrdə isə valideynlər özləri əlavə resurslara üstünlük verirlər. Mənə elə gəlir ki, burada maarifləndirmə aparılmalıdır. Valideynlər başa düşməlidirlər ki, təkcə dərs vəsaiti ilə təhsil məhdudlaşdırılmamalıdır", - deyə E.Kazımzadə vurğulayıb.

"Nəşr" metodik vəsaitlərinin müəllifi Rafiq İsmayılov isə bildirib ki, artıq ümumtəhsil məktəblər üçün dərsliklər Təhsil Nazirliyinin nəzarəti ilə hazırlanır.

"Dərslik dövlətin əhaliyə verdiyi minimum vəsaitdir ki, ucqar dağ rayonlarında belə müəllim uşaqlara minimum dərs keçə bilsin. Normal təhsil üçün isə əlavə vəsaitlərə ehtiyac var. Biz isə daha çox imtahanlara köklənmişik. Bu gün nəşriyyatlar belə test kitabları çıxarmağa daha çox çalışır", - deyə o bildirib.

Rafiq İsmayılov vurğulayıb ki, bundan sonra bütün məsələlər məktəblərin pedaqoji şuraları tərəfindən tənzimlənəcək.

"Və məktəblərdə ancaq pedaqoji şuralar tərəfindən dəstəklənən dərsliklədən istifadə ediləcək. Bu ciddi şəkildə yoxlanacaq", - deyə o əlavə edib.

Təhsil eksperti Kamran Əsədov isə vurğulayıb ki, dərslik yazmaq üçün bütün nəşriyyatlarda müəllif heyəti var. Onlar dərsliyi hazırlayıb təqdim edirlər: "Məsələ budur ki, dərsliyi kim yazır və nə qədər vaxta yazır. Əsas problem dərsliyi yazan müəllifin və yoxlayan ekspertlərin savadlı olmamasıdır. Təəssüf ki, bu gün dərsliklərdə informasiya yükü çoxdur. Şagirdlərin yaş xüsusiyyətinə uyğun deyil. Məsələ budur ki, yazan müəlliflər beş ildən bir dəyişirlər. Bu zaman dərsliklər arasında vahidlik, balans pozulur. Problem standartlarda deyil, dərslikləri yazan müəlliflərin azlığındadır".

O həmçinin bildirib ki, bu gün dərslikləri yazan müəlliflərin çoxu bəzi kurslarda repetitor olaraq çalışır. Bu səbəbdən də dərsliklər informasiya yüklü yazılır ki, şagirdlər sonradan repetitorlara müraciət etsinlər.

Onun sözlərinə görə, bu gün Azərbaycanda dərsliklər şəxsiyyətin yetişməsinə deyil, qəbul imtahanlarına hesablanıb.

"Təhsil Nazirliyi yanında dərslik idarəsi yaradılmalı və bütün müəlliflər bir yerə toplanmalıdır. Dərsliklərin yazılması üçün az vaxt verilir. Bunu da nəzərə almaq laızmdır", - deyə K.Əsədov vurğulayıb.

Tədbir müzakirələrlə davam etdirilib.


Etiketlər:  Oxutmuram çəkin Belə getsə repetitorlardan qurtarmaq olmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ