Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 09:42
Bakı. İlhamə İsabalayeva - Trend:
Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” verilişinə olan maraq kifayət qədər yüksəkdir.
Bunu Trend-ə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, dünən videodərslərin keçirildiyi ilk gün olsa da, dərsləri izləyənlərin sayı çox olub:
"Videodərslər "Mədəniyyət" kanalının "Facebook" səhifəsində də yerləşdirilir. Adi bir nümunə olaraq bunu qeyd edim ki, iki gün əvvəl "Mədəniyyət" kanalının "Facebook"dakı abunəçilərinin 2000 olduğu halda, indi abunəçilərin sayı 13 mini ötüb. Bunlar videodərslərə olan marağın göstəricisidir. Biz bu dərslərin maraqlı və keyfiyyətli olması üçün səylərimizi əsirgəmirik".
Xatırladaq ki, koronavirus təhlükəsi ilə əlaqədar martın 3-dən 27-dək ölkənin bütün təhsil müəssisələrində təlim-tədris dayandırılıb.
Təhsil Nazirliyi bu müddət ərzində şagirdlərin dərs proqramından geri qalmaması üçün martın 11-dən videodərslərin keçirilməsinə başlayıb.