Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2020 08:32
"Xiaomi" şirkəti iki yeni smartfonunu - "Redmi Note 9 Pro" və "Redmi Note 9 Pro Max" təqdim edib. Hər iki qurğu dizayn və ölçülərinə görə eynidir, FHD təsvir ölçülü 6,67 düymlük IPS ekranla təchiz ediliblər. Korpus "Gorilla Glass 5" şüşəsi ilə qorunur.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, qurğular "Adreno 618" qrafik sürətləndiricisinə malik "Snapdragon 720G" prosessoru ilə təchiz edilib. Əməli yaddaşın tutumu 4/6/8 QB (LPPDDR4x), daxili yaddaş isə 64 və ya 128 QB təşkil edir. "MicroSD" yaddaş kartının köməyi ilə daxili yaddaşın tutumunu artırmaq mümkündür.
Hər iki model 5020 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. İstehsalçının bəyanatına görə, bu, video rejimində 26 saat avtonom işləmək yaxud PUBG oyununda 11 saatlıq fasiləsiz oynamaq üçün kifayətdir. "Redmi Note 9 Pro" 18 vattlıq, "Redmi Note 9 Pro Max" cihazı isə 33 vattlıq "USB Type-C" vasitəsilə sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir.
Yeni smartfonlarda əsas fərq kamera ilə bağlıdır. "Redmi Note 9 Pro"da ön kameranın təsvir ölçüsü 16 mp-dir, əsas modul isə 48 mp-lik, 8 mp-lik, 5 (makro) 2 mp-lik sensorlardan ibarətdir. "Redmi Note 9 Pro Max"da ön kamera 32 mp-dir, əsas kameranın əsas sensoru isə artıq 64 mp-dir. Digər 3 sensor əvvəlki modeldə olduğu kimidir.
Həmçinin smartfonlar məişət texnikasını idarə etmək üçün infraqırmızı sensor, barmaq izləri skaneri, yeni vibro mühərrik və naqil qulaqlıqların qoşulması üçün 3,5 mm-lik portla təchiz ediliblər. Korpus damcılardan qoruyan "P2i" örtüyünə malikdir. Cihazlar "MIUI 11" interfeysli "Android 10" mobil əməliyyat sisteminin idarəetməsi əsasında işləyir.
Smartfonlar Hindistanda təqdim edilib.