Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2020 22:00
Azərbaycan Prezidenti İlham Əliyevin Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncamı insanların sağlamlığının keşiyində dayanan tibb işçilərinin fədakar əməyinə verilən yüksək dəyərdir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə millət vəkili Sevil Mikayılova deyib.
Onun sözlərinə görə, cənab Prezidentin bu sərəncamı gecə-gündüz koronavirusla mübarizə cəbhəsində xüsusi əməyi olan tibb personalına həm də mənəvi dəstək kimi qiymətləndirilməlidir:
"Cəsarətlə deyə bilərik ki, bütün dünyanı sarsıdan, müəyyən hallarda hətta panika yaradan virusla mübarizədə ağ xalatlı həkimlər insanların ən güclü ümid yeridir. Bu həyati vacib məsələdə tibb işçilərinə göstərilən diqqət koronavirus kimi dünyanı cənginə alan bəla ilə mübarizədə çox əhəmiyyətli addımdır. Öz vətəndaşına və onun təhlükəsizliyinə hər zaman önəm verən Azərbaycan dövləti yeni sosial qayğı nümunəsi göstərir. Ölkə rəhbərliyi dünyanı sarsıdan pandemiya ilə mübarızə üçün artıq bütün resursları səfərbər edib. Məhz vaxtında həyata keçirilmiş təxirəsalınmaz və ciddi tədbirlər nəticəsində ölkəmiz virusun daha geniş diapazonda yayılmasının qarşısını alıb".
Millət vəkili qeyd edib ki, bütün bəşəriyyəti ayağa qaldıran pandemiya cəmiyyət qarşısında yeni çağırışlar qoyub:
"Virusdan qorunmaq, onun yayılmasının qarşısını almaq üçün aparılan genişmiqyaslı tədbirlərə baxmayaraq yaranmış pandemiya vəziyyəti insanlara həm də psixi təsir göstərir.
Təəssuf hissi ilə demək istərdim ki, pandemiya təhlükə mənbəyi olaraq qalır və yeni virusla mübarizə hələ də aktualdır. Belə olan halda, yalnız dövlətimizin qayğısı və fədakar həkimlərimizin səyi nəticəsində planetimizin üzləşdiyi bu bəlaya qalib gəlmək olar".
Xatırladaq ki, Prezident İlham Əliyev yeni növ koronavirus (COVİD -19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilir.
Nazirlər Kabinetinə bu Sərəncamla müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etmək, COVİD-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini müəyyən etmək və Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.