Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2020 10:08
Bakı. Trend:
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) dünyada yayılmış koronavirus (COVİD-19) infeksiyasının yerli sahibkarlara təsirini öyrənmək məqsədilə növbəti görüşü ictimai-iaşə və ticarət sahəsində fəaliyyət göstərən sahibkarlarla keçirib.
Agentlikdən Trend-ə bildirilib ki, görüşdə ictimai-iaşə və ticarət sektorunda fəaliyyət göstərən 30-dan çox sahibkarlıq subyekti iştirak edib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, dünyada yayılmış koronavirus infeksiyasının iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən yerli sahibkarların, xüsusilə də kiçik və orta biznes (KOB) subyektlərinin fəaliyyətinə təsirinin öyrənilməsi üçün Agentlik tərəfindən KOB-larla görüşlər keçirilir, onlar arasında sorğular aparılır. İctimai-iaşə və ticarət sahəsində də xeyli sayda KOB subyektinin fəaliyyət göstərməsi nəzərə alınaraq, növbəti görüş bu sahə ilə bağlı təşkil olunub. Məqsəd koronavirus infeksiyasının ictimai-iaşə və ticarət sektoruna təsirlərinin və KOB-ların qarşılaşdıqları problemlərin öyrənilməsi, mümkün təsirlərin minimuma endirilməsi üçün çıxış yollarının müzakirə edilməsi, sahibkarların gözləntilərinin və təkliflərinin öyrənilməsidir.
Görüşdə ictimai-iaşə və ticarət sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləri koronavirus infeksiyası ilə bağlı restoran, mağaza və ticarət mərkəzlərinin xidmətlərindən az istifadə olunmasının biznesə təsir göstərdiyini qeyd edib, yaranmış problemdən çıxış yolları müzakirə olunub, sahibkarlar tərəfindən müxtəlif təkiflər səsləndirilib.
Tədbir çərçivəsində koronavirus infeksiyasının biznes fəaliyyətinə təsirinin qiymətləndirilməsinə dair iştirakçı sahibkarlar arasında sorğu da keçirilib. Ümumilikdə isə koronavirusun müvafiq sahəyə təsirinin müəyyənləşdirilməsi üçün KOBİA tərəfindən ictimai-iaşə və ticarət sektorunda fəaliyyət göstərən 500-dən çox sahibkarlıq subyekti arasında sorğu aparılıb.
Görüşdə səsləndirilən təkliflər və aparılmış sorğunun nəticələri ümumiləşdirilərək müvafiq qurumlara təqdim olunacaqdır.