Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2020 10:45
Bakı. Trend:
Koronavirus infeksiyasına qarşı görülən qabaqlayıcı tədbirlərin və sanitar-gigienik vəziyyətin öyrənilməsi üçün Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən silsilə monitorinqlər davam etdirilir
Ombudsman Aparatından Trend-ə bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri, o cümlədən Müvəkkilin Gəncə və Şəki regional mərkəzlərinin nümayəndələri tərəfindən Koronavirus (COVİD-19) infeksiyasına qarşı görülən qabaqlayıcı tədbirlərin və sanitariya vəziyyətinin öyrənilməsi üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, 10 və 17 saylı cəzaçəkmə müəssisələrinə, 2 saylı İstintaq Təcridxanasına və Şəki Penitensiar Müəssisəsinə, habelə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlama Mərkəzinə plandankənar başçəkmələr həyata keçirilib.
MPQ-nin ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmələr zamanı həmin müəssisələrin girişində daxil olan şəxslərin hərarətinin ölçülməsi üçün tibb işçisinin xidmət apardığı, həmçinin şəxslərin əllərinin xüsusi dezinfeksiyaedici məhlulla təmizlənməsinin təşkil edildiyi, məhkumların və saxlanılan şəxslərin gündəlik məlumatlandırıldığı, müayinələrin aparıldığı müşahidə olunub. Eyni zamanda Penitensiar Xidmətin təsdiq etdiyi müvafiq qaydalara əsasən, preventiv tədbirlər məqsədilə sovqatların göndərilməsi və kənar şəxslərin məhkumlar və saxlanılan şəxslərlə görüşlərinin məhdudlaşdırıldığı müəyyən edilib.
Həmin müəssisələrin rəhbərliyi və tibb personalı ilə söhbətlər aparılıb, onlara məhkumların və saxlanılan şəxslərin sağlamlıq hüququnun təmin edilməsinə yanaşmalar, habelə cəzaçəkmə müəssisələrinin ticarət köşklərində qida və gündəlik tələbat mallarının qiymətləri yoxlanılıb. Eyni zamanda MPQ-nin həkim üzvü tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tövsiyələri barədə ətraflı məlumat çatdırılıb.
Ombudsmanın MPQ üzvləri tərəfindən müəssisələrdə sanitar-dezinfeksiya tədbirlərinin mütəmadi olaraq davam etdirilməsi, əməkdaşların qoruyucu maska və əlcəklərdən istifadə etmələrinə nəzarətin gücləndirilməsi, onların xidmətdən kənar vaxtlarda Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət etmələrinin vacibliyi vurğulanıb.
Görüşlər zamanı müəssisə rəhbərliyinin diqqətinə çatdırılıb ki, ölkəmizdə Koronavirus (COVİD-19) infeksiyasının sürətlə yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara əsasən müvafiq sosial izolyasiya tədbirlərinə uyğun olaraq Ombudsman Aparatında və regional mərkəzlərdə həyata keçirilən insanların canlı qəbulu müvəqqəti olaraq dayandırılıb. Qeyd olunanlar nəzərə alınaraq, adı çəkilən müəssisə rəhbərlərinə saxlanılan şəxslərin Müvəkkilə ünvanladıqları müraciətlərinin təxirə salınmadan poçt vasitəsilə göndərilməsi tövsiyə olunub.
Şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlama şəraiti ilə bağlı məsələlər Ombudsman Səbinə Əliyevanın diqqət mərkəzindədir və monitorinqlər davam etdiriləcək.