Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2020 12:57
Bakı. Trend:
Bakı Slavyan Universitetində (BSU) infeksiyalara yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə dezinfeksiya işləri və qabaqlayıcı tədbirlər davam etdirilir.
Trend xəbər verir ki, martın 19-da BSU-da Nərimanov Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən növbəti dəfə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilib. Dezinfeksiya işlərində yüksək keyfiyyətli dərman preparatlarından istifadə olunub.
Tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər ali təhsil müəssisəsinin Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 33-də yerləşən I tədris binasında və Şamil Əzizbəyov küçəsi, 102-də yerləşən II tədris binasında, eləcə də Binəqədi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 152-də fəaliyyət göstərən 3 saylı yataqxanasında reallaşdırılıb.
Koronavirusa (COVID-19) qarşı təkrar tibbi-profilaktik və dezinfeksiya işləri bütün tədris binalarında, həyətyanı ərazilərdə, dəhlizlərdə, auditoriya və laboratoriyalarda, inzibati otaqlarda, tibb məntəqəsində, idman zalında, yeməkxanalarda, kitabxanalarda, sanitar-qovşaqlarda və digər köməkçi tikililərdə aparılıb.
BSU-nun inzibati təsərrüfat işləri üzrə prorektoru Nurəddin Quliyev bildirib ki, ümumilikdə ali təhsil müəssisəsində sanitar-epidemioloji vəziyyətin nəzarətdə saxlanılması, tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin icrası diqqət mərkəzindədir.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən ölkəmizin bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi müvəqqəti olaraq dayandırılıb. Tədris prosesində fasilənin yaranmasına səbəb koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısını almaq məqsədilə respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində intensiv tibbi-profilaktik tədbirlərin həyata keçirilməsi və görülən işlərin səmərəliliyinin yüksəldilməsidir. Hazırda ölkəmizdə bu istiqamətdə tədbirlər intensiv xarakter alıb.