Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2020 18:00
Bakı. Samir Əli - Trend:
Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, qonşu Gürcüstanla sərhəddə Qazax rayonunun ərazisində yerləşən “Qırmızı körpü” və Balakən rayonunun ərazisində yerləşən “Mazımçay” sərhəd-keçid məntəqələrinin yaxınlığında Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul-çeşidləmə məntəqələri qurulub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, fasiləsiz rejimdə fəaliyyət göstərən məntəqələrdə hər cür müasir tibbi avadanlıqlarla təchiz edilmiş FHN-in peşəkar tibbi briqadaları fəaliyyət göstərir. Belə ki, sərhəd-keçid məntəqələrində ilkin tibbi müayinədən keçən şəxslər burada təkrar müayinə ediləcək, hər hansı şübhəli əlamət aşkar edilən şəxslərin daha dəqiq diaqnoz qoyulması üçün xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya təxliyyəsi, şübhəli əlamət aşkar olunmamış şəxslərin isə çadırlarda karantin rejimində müvəqqəti qalması təmin olunacaq.
Hər bir qəbul-çeşidləmə məntəqəsində 20 çadır olmaqla eyni vaxtda 100 nəfərin qalmasına şərait var. Məntəqələrdə normal yaşayış üçün lazım olan hər cür şərait yaradılıb, qidalanma, gigiyenik vasitələrlə təchizat, çadırların isidilməsi və s. ilə bağlı hər hansı problem yoxdur, sanitar-gigiyenik tələblər tam təmin olunub. Zərurət yarandıqda çadırların sayı qısa müddətdə artırıla bilər.