Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2019 15:56
“Azərbaycanda futbol elə də pis deyil. 2-3 yaxşı klub var. Çempionatları Fransadakından asan keçmir. “Qarabağ” Liqa 1-də asanlıqla oynaya bilər. Digərləri isə Fransanın birinci və ikinci liqasının qarışığıdır”.
Qol.az xəbər verir ki, bu sözləri mövsümün sonunda “Keşlə”dən ayrılan Conatan Ayite Fransa mətbuatına açıqlamasında deyib. Toqolu futbolçu həm futbolumuzun səviyyəsindən, həm də ölkəmizdəki yaşayış tərzindən söz açıb:
“Biz çempionatda sonuncu yeri tutsaq da, yanvardan sonra hamı heç bir klubun Premyer Liqanı tərk etməyəcəyini bilirdi. Birinci divizion komandalarının kifayət qədər büdcəsi yoxdur.
Ailəm Bakıda özünü xoşbəxt hiss edirdi. Bura kənd deyil, böyük şəhərdir. Sadəcə, fransızlar hər zaman tanımadıqları yerlərdən qorxurlar. Hələ Türkiyəyə yollananda çoxları düşünürdü ki, hansısa mifik ölkəyə getmişəm. İndi isə orada çoxlu fransız var. 4-5 ildən sonra Bakıda da belə olacaq. Ümid edirəm ki, Essyenin gəlişi bir çox qapıları açacaq. Onunla danışmışam, özünü Azərbaycanda səfir kimi hiss edir.
Amma ümumilikdə Azərbaycan futbol ölkəsi deyil. Oyunlara az azarkeş gəlir. Futbolun keyfiyyətini artırmaq üçün xeyli sərmayə tələb olunur. Burada insanlar daha çox İngiltərə, Fransa, İspaniya və İtaliya çempionatlarının oyunlarını izləyirlər. PSJ-ni, “Lion”u tanıyırlar. Ümumiyyətlə, ölkədə fransızları sevirlər. Burada həm də Ağ Şəhər adlanan yer var. Oradakı binalar Parisdəkilərə bənzəyir”.
Ayite Avropa Liqasının final oyununun Bakıya salınmasına da münasibət bildirib: “Bu, həqiqətən də böyük hadisədir. Artıq hər şey hazırdır. Bakının artıq “Formula 1” təcrübəsi var. Təhlükəsizlik? Bunu heç soruşmaq lazım deyil. Burada kriminal hadisələr minimum həddədir. Başa düşürəm, Bakı Qərbi Avropa ölkələri üçün elə də əlverişli şəhər deyil. Amma bir dəfə gəlsələr, xoş sürprizlə qarşılaşacaqlar. Burada heç kim təzyiqlə üzləşmir. Qadınlar asanlıqla işləyir, heç bir problem yoxdur. Türkiyədə isə bəzi qaydalar daha sərtdir. Azərbaycan Türkiyə ilə müqayisədə Qərbi Avropaya daha yaxındır”.