Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Prezidenti: Dövlət tərəfindən qəbul edilmiş bütün qərarlar istisnasız, heç bir güzəştsiz tətbiq edilməlidir

Azərbaycan Prezidenti: Dövlət tərəfindən qəbul edilmiş bütün qərarlar istisnasız, heç bir güzəştsiz tətbiq edilməlidir

Tarix: 31 Mart 2020 18:09

Dövlət tərəfindən qəbul edilmiş bütün qərarlar istisnasız, heç bir güzəştsiz tətbiq edilməlidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

Prezident İlham Əliyev bildirib:

"Biz indi yaxşı görürük ki, dünyanın müxtəlif yerlərində nələr baş verir. Dünyanın və Avropanın aparıcı ölkələrində demək olar ki, vəziyyət nəzarətdən çıxır, hər gün minə yaxın insan ən inkişaf etmiş ölkələrdə vəfat edir və tibb personalı artıq lazımi xidmət göstərməkdə çətinlik çəkir. Xəstəxanalar doludur, xəstələri dəhlizlərdə yerləşdirirlər. Bir çox insanlar ona görə vəfat edirlər ki, onlara vaxtında operativ tibbi xidmət göstərilmir, o da buna görədir ki, xəstələrin sayı kəskin artır və heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin sayına uyğun xidmət göstərə bilməz. Çünki bütün ölkələrin səhiyyə sistemləri normal şəraitə uyğunlaşdırılıb, o cümlədən Azərbaycanda. Əgər pandemiya Azərbaycanda geniş vüsət alarsa bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır. Ona görə dövlət tərəfindən qəbul edilmiş bütün qərarlar istisnasız, heç bir güzəştsiz tətbiq edilməlidir və vətəndaşları bir daha məsuliyyətə çağırıram. Lazım olmayan vaxtlarda küçələrə çıxmasınlar. Dünən dərc edilmiş və elan olunmuş qaydalara tam əməl etsinlər. Özlərini, öz yaxınlarını, həkimləri qorusunlar. Çünki həkimlər öz həyatlarını risk altına atırlar. Polis işçilərini qorusunlar, necə ki, polis işçiləri onları qoruyur və öz həyatlarını risk altına atır. Ona görə mən vətəndaşlardan bir daha məsuliyyət tələb edirəm və ümid edirəm ki, Azərbaycan vətəndaşları bu məsuliyyət hisslərini nümayiş etdirəcəklər.

Təbii ki, bu pandemiya bütün dünyanın iqtisadi inkişafına böyük zərbə vurub. Artıq dünyanın aparıcı maliyyə qurumları açıq bəyan edirlər ki, pandemiya nəticəsində yaşana biləcək böhran 2008-2009-cu illərin böhranından daha da ağır olacaqdır. Eyni zamanda, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi, demək olar ki, 2 dəfədən çox aşağı düşməsi, bizim iqtisadiyyatımıza da böyük problemlər yarada bilər və təbii ki, bizim gəlirlərimiz azalır. Buna baxmayaraq, bu ilin dövlət büdcəsinin icrası ilə bağlı bir daha demək istəyirəm ki, heç bir problem olmamalıdır. İlk növbədə, bütün sosial öhdəliklər tam yerinə yetirilməlidir, bütün sosial infrastruktur layihələrinin icrası təmin edilməlidir. Eyni zamanda, bir daha büdcə xərclərinə baxmaq lazımdır və təcili olmayan layihələr təxirə salına bilər. Əlbəttə ki, bu layihələrin həyata keçirilməsi, yaxud da ki, əksinə, təxirə salınması məsələlərinə baxdıqda məşğulluq məsələlərinə də mütləq baxmalıyıq. Çünki dövlət xətti ilə həyata keçirilən investisiya layihələri, eyni zamanda, məşğulluğu təmin edir və əhalisi artan Azərbaycan üçün məşğulluq məsələsi, əlbəttə ki, ön plandadır".

Milli.Az


Etiketlər:  Azərbaycan Prezidenti Dövlət tərəfindən qəbul edilmiş bütün qərarlar istisnasız heç bir güzəştsiz tətbiq edilməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ