Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2020 18:12
Vətəndaşlar dövlətin tətbiq etdiyi qaydalara riayət etməsələr, ölkədə qorxulu vəziyyət yaranacaq.
Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
O bildirib ki, əvvəlcə xaricdən gələn vətəndaşlarda aşkarlanan bu virus artıq ölkə daxilində yoluxmalar üzrə artır:
"Hər gün 40-60 nəfərdə bu virus aşkarlanır. Bunun qarşısını almaq mümkün deyil. Riyazi terminlə desək, əgər sağalanlar ədədi silsilə ilə artırsa, xəstələnənlər həndəsi silsilə ilə artır. Yəni sağalanlar toplanma yolu ilə, yoluxanlar isə vurma yolu ilə çoxalır. Bu virusla mübarizədə tək çıxış yolu tətbiq edilən qadağalara ciddi əməl etmək, evdə qalmaq, əsassız yerə evdən çıxmamaqdır. İndi bir nəfər hamı üçün, hamı bir nəfər üçün olmalıdır. Bir nəfər nəinki özünü, ailəsini, hətta bütün cəmiyyəti qorumalıdır. Hər bir insan xüsusi karantin rejiminin qaydalarına əməl etməlidir. Məsuliyyətsizlik etmək lazım deyil".
Deputat qeyd edib ki, bu prosesdə qoca, cavan, uşaq söhbəti yoxdur:
"Hər bir şəxs yaşından asılı olmayaraq bu xəstəliyə yoluxa bilər. Bu virus yaş həddi tanımır, çox qorxulu xəstəlikdir. Bu gün bütün dünya koronavirus qarşısında aciz qalıb. Dünyanın düzəni dəyişib. Bu, böyük bir bəladır. Ona görə də hər kəs qaydalara riayət etməli, karantin müddətində evdə qalmalıdır. Əks təqdirdə, bu virus Azərbaycanda da böyük faciələrə səbəb ola bilər. Bir sıra dövlətlərdə vətəndaşlar koronavirusa yoluxan ən əziz adamlarını pəncərədən atırlar ki, özləri yoluxmasın. Küçələr meyitlərlə doludur, günlərlə meyitləri götürən yoxdur. Bundan böyük siqnal deyilmi? Vətəndaşlar bu faktları görüb düşünməlidirlər və qaydalara əməl etməlidirlər. Həmin dövlətlərdəki kimi faciələr yaşamamağa çalışmalıyıq".