Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2020 18:04
Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatı ölkələri tibb bacılarının fəaliyyətinə və inkişafına investisiya qoymağa çağırıb.
Təşkilatdan Trend-ə verilən məlumata görə, COVID-19 pandemiyası qlobal səhiyyə işçi qüvvəsinin gücləndirilməsinin vacibliyini bir daha göstərdi:
"Ümumdünya Sağlamlıq Günü münasibətilə yayımlanan "2020-ci ildə dünyada orta tibb işçilərinin vəziyyəti" adlı hesabat dünyada tibb bacılarının çatışmazlığını, onların təhsili, fəaliyyəti və liderlik bacarıqlarının inkişafına yönəldilmiş investisiya üçün prioritet sahələri müəyyənləşdirdi. Tibb bacıları səhiyyə sistemində həyati xidmətlər göstərən bütün tibb işçilərinin yarıdan çoxunu təşkil edir. ÜST-nin Avropa Regionunda səhiyyə işçilərinin 57% -i tibb bacılarıdır. Tarixən və bu gün tibb bacıları sağlamlıq üçün təhlükə yaradan epidemiya və pandemiya ilə mübarizədə ön cəbhədə dayanırlar. Regiondakı tibb bacıları COVID-19 pandemiyasına cəsarətlə cavab verirlər: əvvəllər heç vaxt onların dəyəri bu qədər açıq şəkildə görünməyib".
"COVID-19-a qarşı apardığımız mübarizə, tibb bacısı peşəsinin cəmiyyətimiz üçün nə qədər vacib olduğunu bir daha ortaya qoydu. Ən müstəsna şərtlər və ən ağır iş şəraiti ilə qarşılaşan tibb bacıları, Avropa regionunda və dünyanın hər yerində cəsarət, mərhəmət və peşəkarlıqla fəaliyyətlərini davam etdirdilər. Bütün ön sırada çalışan tibb işçiləri ən böyük təşəkkürə və hörmətə layiqdir",- deyə Doktor Hans Kluge, ÜST-nin Avropa üzrə regional direktoru qeyd edib.
"Tibb bacısı peşəsinə layiq olduğu dəyəri vermək vaxtıdır. Bu gün, Ümumdünya Sağlamlıq Gününü qeyd edərkən onu vurğulamaq istəyirəm ki, gələcəkdə ölkələr tibb bacılarına sərmayə qoymalı, onların təhsili və təcrübəsinə dəstək verməlidirlər. Bununla bacarıqlı tibb bacılarından ibarət işçi qüvvəsi daha sağlam bir Avropa qurmaq üçün güc və resurslara sahib olacaqdır”,- deyə, o, fikrini tamamlayıb.
Avropa bölgəsində 7,3 milyon tibb bacısı var, yəni hər 10 000 nəfərə təxminən 79 tibb bacısı düşür. Baxmayaraq ki, bu, qlobal orta göstəricidən təxminən iki dəfə çoxdur, mütəxəssislər qeyd edirlər ki, regionda tibb bacılarının mövcud vəziyyəti razılaşmaq olmaz.
Bütün orta tibb işçilərinin təxminən 90% -i qadındır, lakin rəhbər vəzifələrin yalnız 25% -ni tuturlar. Bu, liderlik tələb edən vəzifələrdə qadınların iştirakını təşviq edən siyasətlərə ehtiyacın olması deməkdir.
“Tibb bacıları sağlamlıq problemlərimizin bir çoxunun həllində böyük rol oynayırlar. Güclü səhiyyə xidmətləri istəyiriksə, tibb bacılarına investisiya qoymalı, onları beynəlxalq standartlara uyğun şəkildə yetişdirməli və lazımi resurslarla təmin etməliyik. Tibb bacıları işlərinə görə ədalətli maaş almalı və peşəkar şəkildə inkişafa davam etməlidirlər. Bu, səhiyyə xidmətlərinin keyfiyyətini yaxşılaşdırmağa və Universal Tibbi Təminatı inkişaf etdirməyə kömək edəcəkdir”,- deyə ÜST-ün Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı qeyd edib.
Ölkələr tibb bacılarının təhsili və təlimini sürətləndirmək, tibb bacıları üçün iş yerlərinin yaradılması və onların liderliyini artırmaq üçün investisiya qoymalıdır. Tibb bacıları və digər tibb işçiləri olmadan baş verən epidemiyalara qarşı mübarizədə qalib gəlmək və Universal Tibbi Təminata, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq mümkün deyil.
“Tibb bacıları istənilən tibbi heyətin aparıcı qüvvəsidir. Bu gün bir çox tibb bacısı COVID-19-a qarşı mübarizədə ön sıralarda yer tutur. Bu hesabat tibb bacılarının oynadığı bənzərsiz rolu layiqincə diqqətə çatdırır və dünyanı sağlam saxlamaq məqsədilə tibb işçilərinə lazımi dəstəyi təmin etmək üçün bir oyanış çağırışıdır",- deyə ÜST-ün Baş direktoru Dr. Tedros Adhanom Qebreyesus qeyd edib.