Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2020 23:42
Azərbaycanda koronavirusla mübarizə kompleks şəkildə bütün parametrlər nəzərə alınmaqla aparılır.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
M.Quliyev vurğulayıb ki, Prezident İlham Əliyevin müəyyən etdiyi qabaqlayıcı tədbirlər ölkəmizdə epidemiyanın geniş yayılmasının qarşısını almağa yönəlib və öz müsbət nəticələrini göstərməkdədir:
"Dünya təcrübəsi də göstərir ki, yoluxma sürəti olduqca yüksək olan bu virus ilə mübarizənin effektiv nəticəsi önləyici, profilaktik tədbirlərin vaxtında və geniş həcmdə aparılmasından çox asılıdır. Bu baxımdan virusa yoluxmuş şəxslərin düzgün müayinə edilib vaxtında aşkarlanması çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın mövcud tibbi infrastrukturu koronavirusla effektiv mübarizə aparmağa imkan verir. Bunun üçün ölkəmizdə geniş imkanlara malik laboratoriyalar var. Virusun diaqnostikası üçün tibb müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir laboratoriya sistemləri qurulub, onlar həmçinin Avropa ölkələrinin buraxdığı testlərlə təchiz edilib.
Bildiyiniz kimi, aprelin 7-nə olan məlumata əsasən, Azərbaycanda COVID-19-la bağlı 53 300 müayinə həyata keçirilib. Əhalinin hər bir milyon nəfərinə düşən müayinənin sayı 5262 nəfər təşkil edir. Bu rəqəm müayinələrin sayına görə Azərbaycanın MDB və Cənubi Qafqazda birinci yerdə olduğunu və bir çox Avropa ölkələrini qabaqladığını göstərir".
Komitə sədri vurğulayıb ki, ölkədə əhalinin koronavirusa dair müayinəsi ilə bağlı tədbirlər davam etdirilməkdədir:
"Yeni laboratoriyalar qurulur, tibb müəssisələri zəruri ləvazimat və preparatlarla təchiz edilir. Görülən bütün bu işlər bir daha təsdiq edir ki, Azərbaycan dövləti koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, insanların sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirir".