Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəhruz Quliyev: ''Prezident İlham Əliyevin təşəbbüsü Türk Şurası kontekstində dünyanın digər ölkələrinə nümunə oldu''

Bəhruz Quliyev: ''Prezident İlham Əliyevin təşəbbüsü Türk Şurası kontekstində dünyanın digər ölkələrinə nümunə oldu''

Tarix: 11 Aprel 2020 13:06

"Azərbaycanın istər regional, istərsə də beynəlxalq müstəvidə əhəmiyyətli məsələlərdə təşəbbüskar rolunda çıxış etməsi kimsəyə sirr deyil. Prezident İlham Əliyevin ideyası və təklifi əsasında Türk Şurasının keçirdiyi videokonfrans da məhz həmin reallığı əks etdirməkdədir."

Sonxeber.net xəbər verir ki, bu fikirləri Trend-ə açıqlamasında "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzu ilə bağlı fikirlərini bildirərkən deyib.

Onun fikrincə, Şura ilk növbədə dostluq və qardaşlıq təməlləri əsasında qurulub. Bu baxımdan qeyd etmək olar ki, dünyada koronavirus pandemiyasının sürətlə yayıldığı bir vaxtda belə bir toplantının keçirilməsinin əsasında qarşılıqlı yardımlaşma, dəstək kimi mühüm məqamlar dayanır:

"Əlbəttə ki, bu məsələdə Cənab İlham Əliyevin təşəbbüsü ələ alması, aktuallıq təşkil edən ideyalarını bəyan etməsi bizləri fərəhləndirir. O da əbəs deyil ki, Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi buraya üzv olan dövlətlər tərəfindən yüksək qiymətləndirilir, habelə göstərilən ardıcıl səyləri dəstəkləyir".

B.Quliyev bildirib ki, məsələyə koronavirus infeksiyasına qarşı birgə mübarizə kontekstindən yanaşılarsa, bu zaman belə bir beynəlxalq tərkibli toplantının mövcud vəziyyətdə ilkə imza atmasını da vurğulamaq olar:

"Deyərdim ki, Prezident İlham Əliyevin təşəbbüsü Türk Şurası kontekstində dünyanın digər ölkələrinə nümunə oldu. Çünki təşkilat dünya miqyasında ilk beynəlxalq qurumdur ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirdi və bu vasitə ilə beynəlxalq aləmə ismarış göndərdi. Həmin ismarış dünya birliyini bir mərkəzdə birləşərək, təhlükəyə qarşı mübarizə aparmaq çağırışını ehtiva etməkdədir. Eləcə də, Türk Şurası bütövlükdə insanlıq təəssübünün qorunması, xalqlar, millətlər arasında həmrəyliyi, dəstəyi örnək olaraq önə sürdü".

Siyasi ekspert bildirib ki, pandemiyanın sürətli yayılması təəssüf ki, bir sıra aparıcı dövlətlərin iqtisadiyyatına zərərlər vurdu və növbəti dalğanın qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək vacibdir. Bu baxımdan, Azərbaycan öz etibarlılığını qoruyub saxlayır:

"Misal üçün, Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tərəfdir. Statistik rəqəmlər də bunu sübut edir. Belə ki, Prezident İlham Əliyev vurğulayıb ki, pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur. O cümlədən, görülən tədbirlər vətəndaşların sağlamlığının qorunması və pandemiyanın doğurduğu sosial-iqtisadi fəsadların yüngülləşdirilməsi, iqtisadiyyatların davamlı inkişafının təmin edilməsi məqsədi daşıyır. Azərbaycan dövlətinin belə bir mötəbər təşəbbüsü qısa zamanda Türkdilli dövlətlərdə koronavirusa qarşı mübarizə tədbirlərini sürətləndirəcək, qarşılıqlı yardımlaşma, dəstək prioritetləri öz uğurlu nəticələrini göstərəcək. Çünki Azərbaycanın bu sahədəki praktikası artıq dünya dövlətləri tərəfindən də öyrənilir, tətbiq olunur. Məhz bu amil artıq beynəlxalq aləmin diqqət mərkəzindədir".


Etiketlər:  Bəhruz Quliyev Prezident İlham Əliyevin təşəbbüsü Türk Şurası kontekstində dünyanın digər ölkələrinə nümunə oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ