Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2020 13:00
Bakı. Elnur Bağışov - Trend:
İranda kök hüceyrələrdən istifadə olunmaqla koronavirusa yoluxan xəstələrin müalicəsinin yekun mərhələsinə başlanılıb.
Trend-in məlumatına görə, bunu İranın "Royan" Ana Hüceyrələri Texnologiyası İnstitutunun göbək ciyəsi qanı bankının direktoru doktor Murtaza Zərrabi Mehr informasiya agentliyinə açıqlamasında deyib.
M.Zərrabinin sözlərinə görə, yekun müalicə reanimasiya şöbəsində 65 yaşdan aşağı olan 40 xəstə üzərində aparılır və təxminən iki həftə davam edəcək.
Zərrabi əlavə edib ki, kök hüceyrələrdən istifadə ilə ilk müalicə mərhələsi 15 martdan-26 martadək 6 xəstə üzərində davam edib. Bir həftədən sonra müalicənin effektiv olduğu müşahidə edilib.
İranlı doktor deyib ki, kök hüceyrələrdən istifadə etməklə koronavirus xəstələrinin müalicəsini davam etdirən ölkələrlə əlaqələr var. Həmin ölkələr İranın bu sahədəki qazandığı nəticələri əldə etmək istəyirlər.
Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (12 aprel) 71 686 nəfərin koronavirusa yoluxduğunu, 4 474 nəfərin öldüyünü və 43 894 nəfərin sağaldığını təsdiqləyib.