Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 18:04
Zabit Səmədovla Bakıdakı döyüşümün təxirə salındığını ilk olaraq "Instagram"da təşkilatçı "MixFight"in səhifəsi vasitəsi ilə öyrəndim. Bundan sonra isə promouter zəng edərək, mənə bu barədə məlumat verdi.
Sonxeber.net xəbər verir ki, bunu oxu.az-a Zabit Səmədovun rəqibi olan britaniyalı kikboksçu və MMA döyüşçüsü Ceyms MakSvini deyib.
O, aprelin 11-də Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçirilməli döyüşün koronavirus pandemiyasına görə ötən ay təxirə salınmasından danışıb:
"Mən hər zaman "MixFight"lə əlaqədəyəm. Bu döyüşün nə vaxt keçiriləcəyi bəlli deyil. Koronavirusa görə çoxlu səfərlər dayandırılıb. Ümid edirəm ki, tezliklə bu bəla aradan qalxar və döyüşün yeni tarixi müəyyənləşdirilər".
"Çəkic" ləqəbli 39 yaşlı idmançı 2018-ci ildə İzmirdə keçirilən yarış zamanı Zabit Səmədova "əlcək atmışdı". Amma bu döyüşün keçirilməsi düz iki il sonraya salındı. Səbəbi döyüşçüdən soruşduq:
"Əvvəl döyüş 2018-ci ilin aprelində təşkilatçıların yerləşdiyi Almaniyada, yəni neytral ölkədə olmalı idi. Amma Səmədovla razılıq əldə etmək mümkün deyildi. O bu döyüşü mütləq şəkildə vətənində keçirmək istəyirdi. Ona görə bu döyüş belə çox uzandı. Mən də axırda razılıq verdim. İlk dəfə Bakıya gələcəkdim. Koronavirusa görə yarış təxirə salındı".
Onu da bildirək ki, Ceyms MakSvini Zabitlə döyüşmək istədiyini bildirdikdən sonra yeddi döyüş keçirib. Bunlardan üçü kikboksinqdə (iki qələbə və bir məğlubiyyət), üçü MMA-da (üç məğlubiyyət) və biri əlbəyaxa döyüşdə (əlcəksiz boks) olub.
Onun ötən ilin sentyabrın 21-də amerikalı sabiq UFC döyüşçüsü Lavar Consonla döyüşü cəmi 27 saniyə çəkib. Rəqibin vurduğu zərbədən nokauta düşən başının sağ hissəsindən qan açılan idmançı döyüşü davam etdirə bilməyib.
Qeyd edək ki, hazırda sərhədlər bağlandığı üçün Zabit Səmədov Belarusun paytaxtı Minskdədir və məşqlərini orada keçirir. O, dəfələrlə bildirib ki, karyerasının son döyüşünü Bakıda keçirmək istəyir.