Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 16:54
Videoelektronika Standartlaşdırma Assosiasiyası (VESA) “DisplayPort Alternate Mode” (Alt Mode) standartının 2.0 versiyasını təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, versiya “USB-IF” təşkilatı tərəfindən dərc edilən yeni “USB4” spesifikasiyası ilə uyğunluq təşkil edir və “USB-C” çıxışı vasitəsilə “DisplayPort 2.0” standartının sonuncu versiyasının bütün funksiyalarının işini təmin edir.
Xatırladaq ki, “DisplayPort Alt Mode” adi “USB-C” konnektoru vasitəsilə audio və video məlumatlarını “DisplayPort” interfeysi üçün xarakterik sürətdə ötürməyə, eləcə də “USB” ilə məlumatların və 100 vat gücündə enerjini bir kabellə ötürməyə imkan verir.
“DisplayPort Alt Mode 2.0” rejimində bütün dörd yüksəksürətli kabel və ya “USB-C” çıxışının köməyi ilə 80 Qbit/saniyə tutumlu “DisplayPort” videoməlumatlarının ötürülməsi mümkündür. Proqnozlara görə, “DisplayPort Alt Mode 2.0” dəstəkli ilk məhsullar 2021-ci ildə satışa çıxarılacaq.
2019-cu ilin iyununda təqdim edilən “DisplayPort 2.0” standartı əvvəlki “DisplayPort” versiyası ilə müqayisədə məlumat ötürmə qabiliyyətini üç dəfə artırıb, eləcə də displeylərin məhsuldarlığı ilə bağlı gələcək tələblərə cavab vermək üçün yeni imkanlar təmin edib. Söhbət artırılmış təsvir ölçülərində “8K” və daha yüksək tezlik yeniləməsi və genişləndirilmiş dinamik diapazon (HDR) dəstəyindən və s. gedir.
“USB-C” noutbuk və mobil qurğu bağlantılarında üstünlük təşkil etməyə başlayıb və “DisplayPort Alt Mode 2.0” sayəsində bu çıxış vasitəsilə 80 Qbit/saniyə sürətlə məlumat və enerjinin ötürülməsi ilə yanaşı, oyun monitorları, “HDR” ekranlar, əlavə və virtual reallıq şlemlərinin qoşulması təmin olunur.
Nizam Nuriyev