Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2020 20:00
Bu gün Azərbaycan ilə Rusiya arasında münasibətlər həm siyasi, həm də iqtisadi sahədə sürətlə inkişaf edir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat vurğulayıb ki, təəssüf ki, koronavirus pandemiyası iqtisadi sahədə daha ciddi naliyyətlərin əldə olunmasına maneələr yaradır:
"Amma buna baxmayaraq, hər iki dövlət Şimal-Cənub Nəqliyyat Dəhlizindən birgə istifadə edir və burada ciddi nəticələr var. Eyni zamanda Rusiya Şimal-Qərb Nəqliyyat Dəhlizinə qoşulub ki, bu da rusiyalı yükdaşıyanların Azərbaycandan keçməklə Qərb istiqamətində gedən yükdaşıma prosesindən faydalanması üçün olduqca münbit şərait yaradır. Azərbaycan-Rusiya münasibətlərinin bütün digər istiqamətlərdə də inkişafı üçün hər cür şərait var. Heç şübhəsiz ki, pandemiya dövrü başa çatdıqdan sonra hər iki dövlətin qarşılıqlı maraqları fonunda həm siyasi, iqtisadi, humanitar, həm də hərbi-texniki və digər sahələrdə əlaqələrinin bundan sonrakı inkiafı üçün də daha yaxşı imkanlar yaranacaq".
Deputat vurğulayıb ki, Azərbaycan-Rusiya münasibətlərinin inkişafını şərtləndirən əsas məsələlərdən biri də fundamental məsələlərdə hər iki dövlətin ortaq mövqedən çıxış etməsidir:
"Hər iki dövlətin faşizmin qəhrəmanlaşdırılması siyasətinə münasibətdə eyni kəskin mövqedə dayanması da çox mühüm məsələdir. Nəzərə alsaq ki, Rusiya hər zaman faşizm cəlladlarının qəhrəmanlaşdırılması, onların təbliği və təşviqi məsələsində prinsipial mövqeyə malikdir.
Azərbaycan Prezidenti də bu məsələdə konkret qətiyyətli mövqeyi var ki, heç bir halda Sovet İttifaqının faşizmə qarşı mübarizədəki böyük rolu kiçildilməməlidir. Tarixi təhrif etmək olmaz, hər şey öz adı ilə çağırılmalıdır. Sovet İttifaqı faşizmə qarşı mübarizədə böyük xidmətlər göstərib, o cümlədən Azərbaycanın oğul və qızları da faşizm üzərində qələbənin əldə edilməsində müstəsna rol oynayıblar. Cənab Prezident təəssüf hissi ilə vurğuladı ki, bəzi ölkələr, xüsusilə MDB məkanı ölkələrində faşizimin qəhrəmanlaşdırılması, faşizmə xidmət etmiş şəxslərin adlarının əbədiləşdirilməsi, onların adına küçələrin, meydanların verilməsi acınacaqlı, qəbuledilməz haldır. Azərbaycan Prezidenti bu məsələlərlə bağlı hər zaman öz prinsipal mövqeyini ifadə edir. Bu nöqteyi nəzərdən həm Rusiya rəhbərliyinin, həm də Azərbaycan rəhbərliyinin mövqeləri üst-üstə düşür və bu da ikitərəfli münasibətlərimiz üçün olduqca vacib məqamlardan biridir.
Yeri gəlmişkən qeyd edim ki, mayın 8-də Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi ilə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına təbrik məktubu göndərib. Bu, bir daha onu göstərir ki, bizi ümumi dəyərlər birləşdirir və Azərbaycan-Rusiya münasibətlərinin inkişafında heç bir maneə yoxdur. Həmçinin iki ölkənin dövlət başçıları və xalqları arasında sıx və səmimi münasibətlər mövcuddur".