Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2020 20:16
Sonxeber.net Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədovun APA-ya müsahibəsini təqdim edir.
- Əvvəlcə istərdik ki, ötən gecə "Eurohome" tikinti materialları bazarında olan yanğın barədə məlumat verəsiniz. Artıq ikinci dəfədir ki, həmin bazarda yanğın baş verir...
- Dünən Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələrinin idarəetmə mərkəzinə "Eurohome" tikinti materialları bazarında yanğının baş verməsi haqqında məlumat 22:52-də daxil olub. Dərhal Xidmətin çıxış cədvəlinə uyğun olaraq hadisə yerinə aidiyyəti hissə və bölmələrdən yanğın texnikası şəxsi heyətlə birlikdə göndərilib. İlkin yanğın bölmələri 6 dəqiqədən sonra artıq hadisə yerində olub. Bir dəqiqədən sonra isə obyektin xüsusiyyətlərini və yanğının qısa müddətdə geniş ərazini əhatə etdiyini nəzərə alaraq yüksək saylı çağırış elan edilib.
Buna uyğun olaraq Bakı və Sumqayıt qarnizonlarından əlavə olaraq yanğın yerinə müxtəlif hissələrdən yanğın texnikası və əlavə canlı qüvvə göndərilib. İlkin olaraq yanğının yayılmasının qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilib. Bunun üçün hadisə yerində 5 döyüş zonası yaradılaraq bütünlükdə yanğının söndürülməsinə 26 yanğın lüləsi verilib. Yanğının həcmini nəzərə alaraq deyə bilərəm ki, görülən tədbirlər nəticəsində qısa müddətdə 00:30 dəqiqədə artıq yanğının yayılmasının qarşısı alınıb və yanğın məhdudlaşdırılıb.
Eyni zamanda bununla paralel olaraq Nazirliyin digər xidmətləri, yəni Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti tərəfindən yanğına məruz qalmayan, yaxud az məruz qalan hissələrdə insan həyatı üçün təhlükəli olmayan sahələrdə obyekt sahiblərinin əmlakının çıxarılması, təhlükəsiz zonaya daşınması prosesi həyata keçirilib. Görülən tədbirlər nəticəsində 01:30-da yanğın tam söndürülüb.
Bütövlükdə yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin 32 yanğın texnikası, 146 nəfər şəxsi heyəti cəlb edilib. Yanğının baş vermə səbəblərinə gəldikdə isə dünəndən bizim Nazirliyin istintaq idarəsinin əməkdaşları, eyni zamanda Xidmətin yanğınların təhqiqatı və sınaq laboratoriyasının əməkdaşları hadisə yerində işləyirlər. Yəqin ki, qısa müddətdə yanğının hansı səbəblərdən baş verməsi müəyyən ediləcək.
- Ümumiyyətlə, yanğınların qarşısının alınması üçün sahibkarların, obyekt sahiblərinin üzərinə hansı məsuliyyət düşür?
- Bildiyiniz kimi, həmin obyektdə ötən ilin dekabrın 10-da yanğın hadisəsi baş vermişdi. Yanğından əvvəl və sonra Dövlət Yanğına Nəzarət Xidməti və bizim Xidmətin əməkdaşları tərəfindən oraya bir daha baxış keçirilib. Bir neçə dəfə yanğın-texniki müayinələr keçirilib və obyekt sahibinə orada olan nöqsanlar, çatışmazlıqlarla bağlı həm yazılı, həm də şifahi xəbərdarlıq edilib, göstərişlər verilib. Amma müəyyən müddət keçməsinə baxmayaraq, orada olan çatışmazlıqlar aradan qaldırılmadı və yenidən yanğınla nəticələndi. Orada olan çatışmazlıqlar əsas etibarilə ticarət obyektin konstruksiyalarının tez alışan materiallardan ibarət olması, müxtəlif təyinatlı malların bir yerə, pərakəndə şəkildə yığılması, çox böyük sahəni əhatə edən bazara yanğın texnikasının yaxınlaşması üçün yalnız bir girişin olması, obyektin yanğına qarşı su təchizatının çox aşağı səviyyədə olması və digər amillər mövcuddur. Amma dediyim kimi, bu nöqsanlar hələ də aradan qaldırılmamışdı. Bunlar birbaşa obyekt sahibinin məsuliyyətidir.
- Ötən gecə hadisə yerinə gələn Fövqəladə Hallar naziri bildirdi ki, sahibkar obyektdəki təmir-quraşdırılma işləri başa çatmadan, obyekt FHN tərəfindən qəbul edilmədən fəaliyyətini bərpa edib. Bu haqda fikirlərinizi bilmək istərdik...
- Qeyd etdiyim kimi, dekabrda orada yanğın baş vermişdi. Yanğın baş verdikdən sonra orada yenə də təmir-quraşdırma işlərinə başlanıldı. Amma bunların heç biri bizim Nazirliyin aidiyyəti qurumları ilə razılaşdırılmadı və razılaşdırılmadan da həyata keçirildi. O obyektlər bizim Xidmətlər tərəfindən istismara qəbul edilməyib.
- Bəzən sosial şəbəkələrdə yanğının söndürülməsi barədə müzakirələr gedir. Bir çoxu hətta yanğının söndürülməsi ilə bağlı məsləhət verir. Dünən də belə hallar baş verdi. Mütəxəssis kimi, dünənki yanğının söndürülməsi prosesi barədə Siz nə deyə bilərsiniz?
- Təbii ki, insanlar hər biri öz münasibətini bildirə bilər. Amma dünən məhz bizim yanğınsöndürənlərin yanğın yerinə vaxtında çatması, operativ müdaxilə etməsi nəticəsində yanğının digər sahələrə yayılmasının qarşısı alındı. Orada obyektin bir tərəfində yaşayış sahəsi, bir tərəfində çox böyük və yanğın təhlükəsizliyi baxımdan təhlükəli ticarət obyektləri, digər tərəfində "Tırpark" mövcuddur. Məhz operativ müdaxilə nəticəsində yanğının o yerlərə keçməsinin qarşısı alındı. Eyni zamanda, orada su çatışmazlığına baxmayaraq, yanğın yerinə odsöndürən maddələrin verilməsi ilə bağlı heç bir problem yaşanmadı. Bizim bu sahədə artıq ötən dəfə baş vermiş yanğından təcrübəmiz var idi. Dərhal hadisə yerinə yanğın su vaqonları dəvət olundu. Onlardan da istifadə edərək yanğın yerinə suyun fasiləsiz verilməsi təmin edildi. Orada yanğının söndürülməsində, demək olar ki, heç bir problem yaşanmadı.
- "Eurohome"da artıq ikinci dəfədir ki, yanğın baş verir. Bundan əvvəl bildirilmişdi ki, ticarət mərkəzinə təhlükəsizliklə bağlı xəbərdarlıq göndərilib. Digər böyük ticarət mərkəzlərinə də xəbərdarlıq olunubmu? Xəbərdarlığa əməl edilib-edilmədiyinə nəzarət edilirmi? FHN-in bununla bağlı konkret təklifləri varmı?
- Mən "Eurohome"da yanğın təhlükəsizliyi ilə bağlı olan nöqsanları qeyd elədim. Demək olar ki, bu nöqsanlar iri ticarət mərkəzlərinin əksəriyyəti üçün xarakterikdir. Baxmayaraq ki, bizim aidiyyəti Xidmətlər tərəfindən dəfələrlə həmin obyekt rəhbərlərinə şifahi və yazılı göstərişlər verilib, nöqsanların aradan qaldırılması ilə bağlı vaxt verilib. Lakin qeyd etdiyim kimi, əksəriyyətində bu nöqsanlar aradan qaldırılmayıb. Gördüyünüz kimi, burada da ikinci dəfə yanğın baş verib.
Bundan əvvəl fevral ayının 18-də "Sədərək" ticarət mərkəzində də təkrar yerdə yanğın baş vermişdi. Hansı ki, onunla da bağlı hansı nöqsanların aradan qaldırılması haqqında yazılı göstərişlərimizi bildirmişdik. Lakin buna da əməl edilməmişdi. Ona görə də yenə yanğınla nəticələndi. Ümumiyyətlə, bunlar iri ticarət obyektlərinə xas olan nöqsanlardır ki, bunlara məhəl qoymurlar və vaxtında aradan qaldırmırlar.
- Siz də "Sədərək"dəki yanğını qeyd etdiniz. Ümumiyyətlə, "Sədərək" və "Binə" ticarət mərkəzlərində də tez-tez yanğın hadisəsi baş verir. Həmin ticarət mərkəzləri ilə bağlı xüsusi tədbirlər planı varmı, xəbərdarlıq göndərilibmi?
- Bəli, orada Yanğından Mühafizə Xidməti tərəfindən şəxsi heyətlə birlikdə dəfələrlə bizim texnikamız növbə çəkir. Eyni zamanda dəfələrlə orada dərslər, təlimlər, məşqlər keçirmişik ki, yanğın baş verəndə şəxsi heyət vaxtında müdaxilə edə bilsin və nəyin harada olduğunu əvvəlcədən bilsin. Eyni zamanda Dövlət Yanğına Nəzarət Xidməti tərəfindən də tez-tez orada yanğın texniki müayinələr keçirilir. Baxmayaraq ki, rəsmi olaraq istismara qəbul edilməyib, yanğın texniki müayinələri keçirilir, göstəriş verilir və onların icrası nəzarətə götürülür. Əgər icra olunmursa, həmin göstəriş məktubları yenidən göndərilir, qanunvericilikdə nəzərdə tutulan müəyyən cərimələr tətbiq olunur.
- Hazırda "Eurohome"da vəziyyət nə yerdədir?
- Hazırda orada konstruksiyaların sökülməsi işləri həyata keçirilir. Bizim 3 yanğın texnikası şəxsi heyətlə birgə orada növbə çəkir. Artıq söküntü işləri aparılır. Eyni zamanda, digər Xidmətlər yanğının baş vermə səbəbini araşdırmaqla məşğuldur.
- Ümumilikdə, bu il ərzində nə qədər yanğın olub?
- Bu günə olan vəziyyətə görə bu il respublika ərazisində 4500-ə yaxın yanğın hadisəsi qeydə alınıb. Ötən ilin müvafiq dövrünə nisbətən yanğınların sayı 1,8 dəfə artıb. Amma bu artım əsas etibarilə açıq sahələrdə baş verən yanğınların sayının artması ilə bağlıdır. Yaşayış, nəqliyyat sektorunda, digər sahələrdə isə ciddi artım yoxdur. Təxminən bu artım 10 faizə qədərdir. Buna baxmayaraq, baş verən yanğın hadisələrində həlak olan insanların sayı ötən ilə nisbətən 2 dəfə azalıb.
- Son olaraq, ən çox müzakirə olunan məsələlərdən biri də yanğın söndürmə texnikasının hadisə yerinə gec çatması ilə bağlı olur. Bəzi insanlar bunu məsuliyyətsizlik kimi qiymətləndirsə də, burada binalara girişin, yaxud yollarda sıxlığı olması kimi məsələlər də var. Bu haqda da fikirlərinizi bilmək istərdik.
- Yanğın texnikasının gec və susuz gəlməsi ilə bağlı suallar növbətçi suallardır. Yanğın texnikası heç bir halda hadisə yerinə yürüyüş etmir. Sadəcə, od söndürən maddələrin, yanğın texnikasının çənində olan su tutumunun (bu tutum 600 litrdən 9 tona qədərdir) yanğın yerinə verilmə intensivliyindən asılı olaraq texnikada olan su təxminən 5-10 dəqiqə ərzində kifayət edir. Həmin müddət ərzində yanğın texnikası obyektin yanğına qarşı su təchizatı sisteminə qoşulmalıdır, yəni orada olan hidrantlara, su hovuzuna, dayaqlara və s. Obyektdə yanğına qarşı su təchizatı yoxdursa, sözsüz ki, orada problemlərlə qarşılaşırıq və yanğının suyun daşınması yolu ilə söndürülməsi əlavə problemlər yaşadır.
Yanğın texnikasının hadisə yerinə gec çatmasına qaldıqda, bu da tam nəzarət altındadır. Yanğın texnikası hadisə yerində üzrsüz səbəbdən gec çata bilməz. Hazırda FHN-in texniki imkanları o dərəcədədir ki, yanğın texnikasının çənində olan suya da, yanacağa da, yanğın texnikasının hərəkət trayektoriyası, sürətinə, hansı sahədə olduğuna qədər nəzarət edilə bilir. Ona görə də heç bir halda belə nöqsanlara yol verilməsi mümkün deyil. Ancaq şəhərdə tıxaclar da var, bununla bağlı ola bilər ki, bizdən asılı səbəb olmadan gecikmə baş verə bilər. Binaların həyətində şəxsi minik maşınlarının parklanması elə şəkildədir ki, yanğın yerinə yaxınlaşmaq üçün bir neçə dəqiqə vaxt itiririk. İnsanların bir çoxu buna biganə münasibət bəsləyir. Bunlar aradan qaldırılmalıdır.