Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İSESKO-ya üzv dövlətlərin Təhsil nazirlərinin videokonfransı keçirilib - FOTO

İSESKO-ya üzv dövlətlərin Təhsil nazirlərinin videokonfransı keçirilib - FOTO

Tarix: 14 May 2020 19:12

İSESKO-ya üzv dövlətlərin Təhsil nazirlərinin videokonfransı keçirilib. Təhsil naziri Ceyhun Bayramov videokonfransında iştirak edib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, videokonfransa İSESKO-nun baş katibi Səlim bin Məhəmməd Əl-Malik, Səudiyyə Ərəbistanı, Pakistan, Misir, Mərakeş və digər dövlətlərin Təhsil nazirləri, YUNESKO-nun Baş katibinin təhsil məsələləri üzrə müavini Stefania Ciannini, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Təhsil və Bacarıqlar üzrə direktoru Andreas Şlayxer də qatılıb. Videokonfransın əsas mövzusu COVID-19 pandemiyasının təhsil sahəsinə təsiri və mövcud reallığa təhsil sisteminin uyğunlaşdırılması olub.

Ceyhun Bayramov çıxışında pandemiya dövründə ölkəmizdə təhsil hüququnun fasiləsiz təmin edilməsi məqsədilə atılmış addımlar haqqında görüş iştirakçılarına ətraflı məlumat verib. Nazir distant təhsilə keçidi təmin etmək üçün qısa müddət ərzində yaradılmış və ölkədə ən iri onlayn platforma olan "Virtual məktəb" layihəsinin uğurlu nəticələri haqqında bəhs edib, müəllimlərin bu platformanın bütün imkanlarından tam yararlanmaları üçün təlimlərə cəlb edildiyini bildirib.

Təhsil naziri qeyd edib ki, nazirlik tərəfindən atılan digər addımlar çərçivəsində 11 mart tarixindən etibarən teledərslərə start verilib. Ölkənin 2 televiziya kanalında həftədə 5 dəfə olmaqla bütün siniflər üçün 10 fənni əhatə edən dərslər yayımlanmaqdadır. Teledərslər sonradan Təhsil Nazirliyinin video.edu.az portalında sərbəst istifadə üçün yerləşdirilir. Konfrans zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan təxminən 22 min tələbənin təhsil haqqının Azərbaycan dövləti tərəfindən ödənilməsi xüsusi olaraq vurğulanıb.

Ceyhun Bayramov Təhsil Nazirliyinin İSESKO ilə təhsil sahəsində əməkdaşlığa böyük önəm verdiyini qeyd edərək, Azərbaycan Respublikası tərəfindən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün ümumilikdə 40 təhsil qrantının ayrıldığını görüş iştirakçılarına xatırladıb.

Videokonfransın nəticəsi olaraq İSESKO tərəfindən Əhatəli Humanitar Koalisiya təşəbbüsü irəli sürülüb və Azərbaycan tərəfi təşəbbüsə dəstəyini ifadə edib. Yekunda bəyannamə qəbul olunub.


Etiketlər:  İSESKO üzv dövlətlərin Təhsil nazirlərinin videokonfransı keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ