Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gün Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

Bu gün Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

Tarix: 17 May 2020 10:08

Bakı. Trend:

17 mau Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) Trend-ə verilən məlumata görə, bu günün əlamətdar olması ilk Beynəlxalq Teleqraf Konvensiyasının imzalanması ilə Beynəlxalq Telekommunikasiya İttifaqının yaranmasının 1865-ci il 17 may tarixinə təsadüf etməsi ilə bağlıdır.

Əsas məqsədi informasiya-kommunikasiya texnologiyalarından istifadənin cəmiyyət və ölkələrə verdiyi imkanların səviyyəsinin yüksəldilməsi, rəqəmli fərqliliyin aradan qaldırılması üçün məlumatlılıq səviyyəsinin artırılmasına kömək etməkdir.

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün builki mövzusunu “Transformasiya 2030: Davamlı İnkişaf Məqsədləri üçün İKT” təşkil edir. Mövzu iqtisadi, ekoloji və sosial dayanıqlığı inkişaf etdirmək üçün İKT ilə əlaqəli həll yollarına və yaranan meyillərə diqqət yönəltməyə hədəflənib.

Qlobal informasiya cəmiyyətinin iştirakçısına çevrilmiş ölkəmizdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”, Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi və digər sahəvi proqramlar çərçivəsində informasiya cəmiyyətinin inkişafı üzrə bir çox işlər görülür. Bu sənədlərə uyğun olaraq, ölkədə İKT infrastrukturu və xidmətlərinin genişləndirilməsi, yüksək texnologiyalar sektorunun inkişafı, sahibkarlıq subyektlərinin fəaliyyətində məhsuldarlığın və əməliyyat səmərəliliyinin artırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Eyni zamanda, hökumətin və sosial mühitin rəqəmsallaşdırılması, informasiya təhlükəsizliyinin təmin edilməsi, İKT sahəsində bilik və bacarıqların yüksəldilməsi, milli kontentin inkişaf etdirilməsi, cəmiyyətin bütün üzvlərinin İKT-nin yaratdığı imkanlardan istifadəsinə şərait yaradılması da görülən tədbirlər sırasında yer alır.

Görülmüş işlər nəticəsində ölkədə İKT sektoru iqtisadiyyatın aparıcı və dinamik inkişaf edən sahəsinə çevrilib. Ölkədə internetə çıxış üçün simli, simsiz, mobil texnologiyalar tətbiq edilir. Ölkə ərazisini əhatə edən yüksəksürətli optik şəbəkəyə əsaslanan genişzolaqlı internet infrastrukturunun qurulması üçün “Evlərə optika” layihəsi” həyata keçirilir. “İctimai Wi-Fi” layihəsi çərçivəsində Bakı şəhərinin ictimai yerlərində internet xidmətinə ödənişsiz çıxış təmin edilib. Provayderlər və mobil operatorlar təhlükəsiz internet xidməti verirlər. Elektron imzanın tətbiqi genişləndirilir, davamlı olaraq e-imza istifadəçilərinin sayı artır.

Ölkəmizdə elektron ticarətin inkişafı üçün addımlar atılır. Elektron ticarət platformalarına minimal təhlükəsizlik tələbləri müəyyənləşdirilib. Artıq üç ildir ki, beynəlxalq ekspertlərin iştirakı ilə Bakı Elektron Ticarət Forumu keçirilir. Forum çərçivəsində daxili bazarda elektron ticarətin payının artırılması istiqamətində müzakirələr aparılır, tövsiyələr verilir.

Əhalinin, o cümlədən məhdud fiziki imkanlı şəxslərin İKT həlləri üzrə bilik və bacarıqlarının artırılması, İKT-nin cəmiyyətdə kütləviləşdirilməsi, gənclərin İKT biliklərinə yiyələnməsinin stimullaşdırılması üçün təlimlər, kurslar, müxtəlif konfranslar, forumlar, seminarlar, “dəyirmi masa”lar, sərgilər, müsabiqə, viktorina, olimpiada tədbirləri keçirilir, kütləvi informasiya vasitələri (KİV) vasitəsi ilə təbliğat-təşviqat işləri aparılır.

Hər il ali məktəb tələbələri arasında informatika üzrə olimpiada, beynəlxalq “İKT-də qızlar”, “Təhlükəsiz internet” günləri çərçivəsində tədbirlər təşkil olunur. Milli kontentin inkişafı ilə bağlı “NETTY” müsabiqəsinə, “Mən Azərbaycanlıyam” bilik yarışmasına dəstək verilir.

Sözsüz ki, Azərbaycanda informasiya cəmiyyətinin inkişafı ilə bağlı görülmüş işlər sadalananlarla məhdudlaşmır, çoxşaxəli fəaliyyət uğurla davam etdirilir.


Etiketlər:  gün Ümumdünya Telekommunikasiya İnformasiya Cəmiyyəti Günüdür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ