Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2020 09:34
İri ticarət mərkəzlərində, bazarlarda yanğınların baş verməsi bu mərkəzlərin sahibinə və burada icarə əsasında obyekt işlədən kiçik sahibkarlara xeyli maddi və mənəvi zərər vurur.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında təhlükəsizlik eksperti Elmar Nurəliyev deyib.
Onun sözlərinə görə, bu prosesdə insanların həyatı üçün təhlükə yaranır:
"Birincisi, heç bir obyekt, sahibkar, idarə və təşkilat fövqəladə hadisələrdən sığortalanmayıb. Ancaq bu, o demək deyil ki, heç bir önləyici təhlükəsizlik tədbirləri görülməsin. Bütün idarə və təşkilatlar, sahibkar, obyektlər "Yanğın təhlükəsizliyi haqqında" qanuna, Fövqəladə Hallar Nazirliyinin yanğın təhlükəsizliyinə dair təlimatlarına, irad və tövsiyələrinə ciddi əməl etməlidirlər. Obyektdə yanğın təhlükəsizliyinə dair norma və standartlar, yanğına qarşı avadanlıq və qurğuların, siqnalizasiya vasitələrinin olması və onun mərkəzləşdirilmiş idarədə birləşdirilməsi, xəbərdaredici vasitələrin, tüstü və dumana qarşı ötürücülərin, obyektin təyinatına uyğun olaraq avtomatik yanğınsöndürmə qurğusunun olması vacibdir.
Bundan əlavə olaraq, yanğın hidrantları, yanğınsöndürmə balonları, yanğın su dirəkləri və şitləri, ehtiyat su çəninin olmasına və bütün bunların daim işlək, saz və fövqəladə vəziyyətə hazırlığına nəzarət etmək lazımdır. Əgər bu şərtlərə əməl olunarsa, həmin obyektdə heç bir yanğın təhlükəsindən söhbət gedə bilməz. Bu işdə ilk növbədə obyektin sahibi, yaxud onu çalışdıran şəxslər maraqlı olmalıdırlar. Təbii ki, aidiyyəti qurumlar tərəfindən də ciddi nəzarət mexanizmi olmalıdır".
Ekspert bildirib ki, hansısa bir obyektdə yanğın baş verərsə, bu zaman insanlara, onların əmlakına maddi və mənəvi zərər dəyərsə, ilk növbədə bu, həmin obyektin sahibinin imicinə və biznesinə mənfi təsir edəcək:
"Ona görə də obyektlərin idarə olunmasına, təhlükəsizliyinin təmin edilməsinə peşəkar şəxslər dəvət edilməli, vəziyyət qiymətləndirilməli və təhlükə riskliliyi nəzərə alınmaqla önləyici tədbirlər görülməlidir. Belə olan halda orada hər hansı hadisənin baş vermə riski də azalar, hadisə baş versə belə, insanlar və əmlaka dəyən ziyan çox az olar. Ancaq təəssüflər olsun ki, bir çox obyektlərdə sahibkarlar bu cür məsuliyyətli işləri qohumluq, tanışlıq əlaqələri olan şəxslərə etibar edirlər, bu da sonda ağır fəsadlarla nəticələnir. Elə obyektlər var ki, yanğın təhlükəsizliyinə cavabdeh şəxs heç yanğınsöndürən balonunun istifadə qaydasını bilmir. Belə olan halda hadisələr qaçılmazdır. Əgər bir obyektdə təhlükəsizlik yüksək səviyyədə təmin olunmursa, bu, sadəcə olaraq məsuliyyətsizlikdir. Obyektin bütün işçiləri yanğın təhlükəsizliyinə dair təlimatlardan xəbərdar olmalıdır. İş vaxtı bitdikdən sonra elektrik avadanlıqlarını cərəyanda saxlamamalı, özləri ilə tezalışan, yanmaya meyilli maddələri obyektə gətirməməli, gətirsələr belə, mühafizə xidmətinə məlumat verməli, kustar üsulla hazırlanan elektrik avadanlıqlarından istifadə etməməli, anbarlarda saxlanılan mallar təyinatı üzrə qorunmalıdır.
Nəzərə alaq ki, tikinti materialları bazarlarında satılan məhsullar əsasən kimyəvi tərkibli olur və bu məhsulların yanma xüsusiyyətləri digərlərindən üstündür. Elə kimyəvi tərkibli məhsullar var ki, onlara günəş işığı düşəndə öz-özünə alışma baş verir, bu da dəhşətli yanğına səbəb ola bilir. İşçilər və xüsusən də könüllü yanğın qruplarının üzvləri bilməlidirlər ki, hadisə baş verəndə nə edəcəklər. Həmin şəxslər əmlakı təhlükəsiz yerə çıxarmalı, digər müştərilərin təhlükəsiz təxliyə edilməsinə kömək etməli, yoxsa yaxınlıqda olan yanğınsöndürmə vasitəsindən istifadə edərək yanğının söndürülməsinə cəhd etməli olduqlarını bilməlidirlər. Ticarət obyektinin təhlükəsizliyinə məsul şəxs fövqəladə hadisə anı nə etməli olduğunu bilmədiyindən həm özü üçün, həm də hadisənin miqyasının böyüməməsi üçün heç bir şey edə bilmir. Çünki həmin şəxs təhlükəsizlik barədə təlim keçməyib. Ona görə də iri ticarət obyektlərində təhlükəsizliyə məsul şəxslərə mütəmadi olaraq təlimlər keçirilməli, könüllü yanğın qrupları yaradılmalıdır. Həmin qruplar yanğın hadisəsi baş verənkən yanğınsöndürmə briqadaları gələnə qədər vəziyyəti nəzarətdə saxlamağı bacarmalıdırlar".