Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sosial izolyasiya gələcəyimizi necə dəyişdirir

Sosial izolyasiya gələcəyimizi necə dəyişdirir

Tarix: 19 May 2020 11:32

"Keçmişi dəyişdirmək mümkün deyil, ancaq gələcəyi dəyişdirmək bizim əlimizdədir"

Kral Şir kinofilmindən

Qədim zamanlarda öz kölgəsindən belə qorxan bir adam var imiş. Bir gün gecə susuzluqdan oyanır, su içməyə getmək üçün arvadını oyadır. Birlikdə bulaq başına su içməyə gedərlər. Su içib başını göyə qaldıran adam göydə ulduzları və ayı görüb deyir: "Nə karvan qırmalı gecədir". Qorxusundan özü ilə su içməyə gətirdiyi arvadı kişiyə tərs-tərs baxıb deyir: "Suyunu iç, səndən karvan qıran çıxmaz".

Sosial izolyasiya dövründə bir çoxumuzun fikrindən bu olmasa da, buna bənzər fikirlər keçir. Məsələn, mənim ən çox fikrimdən keçən, övladlarımla təbiət qoynuna getməkdir. Xüsusilə havanın xoş olduğu günlərdə bunu çox düşünürəm. "Kaş ki, imkan olardı gedərdik, gəzərdik, birlikdə vaxt keçirərdik". Sual verən lazımdır ki, bəs imkan olanda hardaydın?

Əlimizdə olanların dəyərini bilmirik çox şablon cümlədir və oxuduğum hər yerdə məni qıcıqlandırır. Mən sualı fərqli şəkildə qoyuram. Əlimizdə olan imkanlardan maksimum faydalana bilirikmi? Bu gün bu izolyasiya dövründə yaranan  asudə vaxtımızdan maksimum faydalana bilirikmi? Yoxsa günümüz şikayət etməklə keçir? Bu gündən sabaha həyatımızda nəyi daha fərqli edəcəyik, düşünürükmü? Fərqi yaradan bizik, insanlardır. Bütün qadağaların aradan qaldırıldığını fərz edin, ilk nə edəcəksiniz? Və bu edəcəyinizin dünəndən fərqi nə olacaq? Ən az 3 atacağınız addımı bir kağıza qeyd edin və bu yazdıqlarınızı necə gərçəkləşdirəcəyinizi xəyal edin və yazın. Xəyallarımızla əlaqə qurmaq daxilimizdəki tutqunu, enerjini, həyat sevgisini azad edir. Bu zaman daxili dünyamıza səyahət başlayır. Həqiqətən, nə istədiyimizi kəşf edirik. Yazdıqlarınızı bir kənarda saxlayın. O gün gəldiyində yenidən gözdən keçirin və duyğularınızla həqiqət arasındakı fərqi hiss edin. O gün yazdıqlarınızdan hansı sizin üçün hələ də əhəmiyyətli olacaq və yazdıqlarınızla yaşayacaqlarınız arasındakı fərq Sizə də maraqlı deyilmi?

Könül Əliyeva


Etiketlər:  Sosial izolyasiya gələcəyimizi necə dəyişdirir


RƏYLƏR