Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Malayziyanın BERNAMA agentliyi 28 May - Respublika Gününə həsr olunmuş geniş məqalə dərc edib

Malayziyanın BERNAMA agentliyi 28 May - Respublika Gününə həsr olunmuş geniş məqalə dərc edib

Tarix: 25 May 2020 11:03

Malayziyanın BERNAMA dövlət informasiya agentliyi Azərbaycanın 28 May - Respublika Gününə həsr olunmuş geniş məqalə dərc edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Azərbaycan keçmişdə qalan çətinliklərə baxmayaraq, tərəqqi və inkişafını davam etdirir" başlıqlı məqalə ölkəmizin Malayziyadakı səfiri Qaley Allahverdiyevlə aparılmış müsahibə əsasında hazırlanıb.

Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, 1991-ci ildə müstəqilliyimizin bərpasından sonra ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində əldə edilən uğurlardan, milli dövlətçiliyimizin möhkəmləndirilməsində onun müəllifi olduğu neft strategiyası sayəsində əldə olunmuş nailiyyətlərdən ətraflı bəhs olunub. Eləcə də məqalədə 2003-cü ildən etibarən Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi strateji idarəetmə səriştəsi nəticəsində həyata keçirilən müvəffəqiyyətli sosial-iqtisadi islahatlara və ölkəmizin bir sıra beynəlxalq uğurlarına geniş yer verilib.

Q.Allahverdiyev bildirib ki, qonşu Ermənistanın təcavüzkarlığı ilə başlayan müharibə və həmin illərdə ölkədaxili qeyri-sabit mühit Azərbaycanı dərin böhrana məruz qoysa da, ümummilli lider Heydər Əliyev qısa zaman kəsiyində dövlətçiliyimizi xaosdan xilas edib, 1995-ci ildə ölkə Konstitusiyasının qəbul edilməsi kimi mütərəqqi təşəbbüslər irəli sürərək ən ağır çağırışların öhdəsindən layiqincə gəlib.

Diplomat vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan mürəkkəb geosiyasi dünyada vacib qlobal oyunçuya çevrilib. Səfir öz fikirlərini konkret faktlarla əsaslandıraraq ölkəmizin xarici dövlət borcunun olduqca aşağı səviyyədə - ümumi daxili məhsulun 17 faizi həcmində olduğunu, son 16 ildə Azərbaycan iqtisadiyyatının 3,4 dəfə artdığını, bu müddət ərzində əhali arasında yoxsulluğun təqribən 50 faizdən 4,8 faizə düşdüyünü, ölkəyə çoxsaylı xarici investisiya cəlb edilməklə yanaşı, Azərbaycan tərəfindən ölkə hüdudlarından kənarda müxtəlif sərmayə qoyuluşları həyata keçirdiyini qeyd edib.

Azərbaycanın nailiyyətlərinin beynəlxalq platformalarda da böyük rəğbətlə qarşılandığını qeyd edən diplomat Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən ölkəmizə donor statusunun verilməsini, Dünya Bankı tərəfindən hazırlanan "Doing Business" hesabatında Azərbaycanın islahatları inkişaf etdirən 20 ölkə sırasında göstərilməsini digər mühüm uğurlar kimi diqqətə çatdırıb.

Məqalədə, həmçinin Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycanın coğrafi-strateji əhəmiyyətindən, bu çərçivədə regional inteqrasiya layihələrində oynadığı açar rolundan və beynəlxalq nəqliyyat marşrutlarındakı önəmindən bəhs olunub.

Qeyd edilənlər fonunda səfir Q.Allahverdiyev Azərbaycan-Malayziya əlaqələrinin inkişaf dinamikasından və cari səviyyəsindən məmnunluğunu bildirərək Malayziyanın Azərbaycan üçün xüsusilə ASEAN regionunda və İslam dünyasında önəmli tərəfdaş olduğunu, "Petronas" Milli Neft Şirkəti tərəfindən ölkəmizə bu günə qədər 4 milyard ABŞ dollarından çox investisiya qoyulduğunu və ikitərəfli əməkdaşlığın gücləndirilməsi üçün daha böyük potensialın mövcudluğunu diqqətə çatdırıb.

Məqalənin tam mətni ilə bu keçid vasitəsilə tanış olmaq olar: https://www.bernama.com/en/world/news.php?id=1844275

Milli.Az


Etiketlər:  Malayziyanın BERNAMA agentliyi 28 May Respublika Gününə həsr olunmuş geniş məqalə dərc edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ