Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2020 19:25
Karantində əhvalım yaxşı olmadığına görə heç bir işlə məşğul ola bilmirəm. Onu deyə bilərəm ki, bu dönəmlərdə, həqiqətən də, çox darıxıram. Əslinə qalsa, görülməli işlərim çoxdur. Ancaq sənətə adaptasiya ola bilmirəm. Yəqin edirəm ki, bunun üçün mənə vaxt lazımdır. Çünki xarakterimlə əlaqədar olaraq evdə mahnı oxuyan biri olmamışam. İndi düşünəndə ki, yenidən haradasa əlimə mikrafon alıb mahnı oxuyacağam, bu, mənə qəribə gəlir.
Sonxeber.net bildirir ki, bu sözləri ölkə.az-a açıqlamasında Əməkdar artist Elnarə Abdullayeva deyib.
Xanəndə bəzi sənətçilərin dövlətdən yardım almağıyla bağlı məsələyə də toxunub:
"Dövlətin sənətçilərə, müğənnilərə yardım etməsindən xəbərim olmayıb. Olsaydı, yəqin ki, mən də yardım alardım. Hətta bir müddət dinc qalmaq üçün telefonumu belə özümdən uzaqlaşdırmışdım. Düzünə qalsa, son aylarda mənə xəstəlikdən, virusdan başqa heç nə maraqlı deyil. Gecə-gündüz dua edib, namaz qılıb Allaha yalvarıram ki, vətənimin, millətimin üzərindən bu xəstəlik keçib getsin.
Abdullayeva bildirib ki, karantin dövründə bir neçə gün Şamaxıda olub:
"Yenicə Şamaxıya gedib, qayıtmışam. Tikdirdiyim bulaqla və digər işlərimlə bağlı bəzən Şamaxıya gedirəm. Orada gördüyüm işləri nəzarətsiz qoymaq istəmirəm. Necə deyərlər, bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar".
Elnarə Abdullayeva onu tənqid edən əməkdaşı Mətanət İsgəndərli haqqında da söz açıb:
"Əvvəla deyə bilərəm ki, mən heç kəsi tənqid etməmişəm. Mənə maraqlıdır niyə öz fikrimi ifadə etməyim bəzilərini bu qədər narahat edir? Məsələn, polisdən, həkimdən, aşpazdan soruşanda ki, ''istəyərsənmi, övladın sənin sənətini davam etdirsin?'' əksəriyyəti ''yox'' cavabını verir. Məgər, polis və ya aşpazlıq sənəti pisdir ki? Sadəcə olaraq, bəzilərinin qarnı o qədər qurdludur ki, hər sözümə görə məni tənqid edirlər. Başa düşə bilmirəm ki, niyə bu qədər xofludurlar?"