Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2020 08:04
Bakı. Ləman Zeynalova - Trend:
Azərbaycan və Fransa şirkətləri azı 4 sektorda əməkdaşlıq üçün real imkanlara malikdir.
Bunu Trend-ə “MEDEF International”ın Avrasiya, Asiya-Sakit okean regionu və energetika üzrə direktoru Boqdan Qaden-Feerçak deyib.
O bildirib ki, Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi üzrə ambisiyalı proqram reallaşdırır və islahatların sürətləndirilməsi prosesinə sadiqdir:
“Dünya Bankının “Doing Business” hesabatına əsasən Azərbaycan 2019-cu ildə islahatçı ölkələr sırasında ilk onluğa daxil olub. Fikrimcə, bu iki müsbət tendensiya azı dörd sahədə: kənd təsərrüfatı, “yaşıl enerji”yə keçid, nəqliyyat və logistika, rəqəmsal sektor üzrə əməkdaşlıq üçün real imkanlar açır”.
O, xatırladıb ki, Azərbaycan dövlət orqanlarının nümayəndələri ilə görüşlər zamanı, eləcə də bu yaxınlarda iqtisadiyyat naziri Mikayıl Cabbarovla onlayn müzakirələrdə Fransa şirkətlərinin təqdim etdiyi layihələrdə uzunmüddətli yanaşma, potensialın artırılması, bilik və texnologiyalarla mübadilə kimi amillərin nəzərə alınacağı barədə fikir mübadiləsi aparılıb.
“Bu, şübhəsiz ki, vacib aspektdir və Fransa ilə Azərbaycan şirkətləri arasında münasibətləri möhkəmləndirməyə kömək edəcək”.