Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Atılmış qoca

Atılmış qoca

Tarix: 8 Iyun 2020 11:42

Qocadı, heç dəqiq yaşı da bilinmir. Bizdə onun haqqında “İngiltərədə doğuldu, Braziliyada yaşadı, Azərbaycanda öldü” ifadəsi də var ki, acı gülüş doğurur.

Əslində öldü yox, “bu qocanı küsdürdük” desək, daha doğru olar. Tək bu sözlər deyil, onu çox ələ salmışıq, adına çox söz çıxarmışıq. Hansı ki, ən çətin vaxtlarımızda bizimlə olub, nə qədər əzab-əziyyət görüb. Hamı sevinsin, heç kim inciməsin deyə, hər bölgəmizdə yaşayıb. Lənkəranın rütubətinə, Qusarın soyuğuna, hətta Kürdəmirin isitisinə də dözüb.

Qocanın indi Bakıda məskən salması  rayonların havasını götürməməsi ilə bağlı deyil. Hərdən Qəbələyə getməsi də onu göstərir. Bu yaşında daha çox bölgələrdə olmaq, dincəlmək istəyir. Ancaq vaxtilə onun əyləndiyi, insanlara sevinc bəxş etdiyi meydanlarda indi inəklər, qoyunlar qarnını doyurmağın sevincini yaşayır.

İndi bu yaşlanmış, əldən düşmüş qocanı heç kim müalicə etdirmək, qayğısına qalmaq istəmir. Hansı ki, bütün müayinələr onun bölgələrdə yaşamalı olduğunu göstərir. Düzdür, Qəbələdən köməklik göstərilir, ancaq qəlbi kövrəkləşən qoca bunu hamıdan umur.

Bir vaxtlar övladlarından “Neftçi” ilə öyünən qoca indi “Qarabağ”a sığınıb, ondan təsəlli alır.
Bir müddət Lənkəranda  gözəl günlər keçirdi, “Bakı”da çoxlarını sevindirdi, indi də bəhrəsini görür. Ona doğma olan Gəncədə, Tovuzda xoşbəxt idi. Ancaq getdiyi hər yerdən incik düşdü bu qoca.
Ahıl yaşlarında son qərarlar da onu xeyli üzdü. Koronavirus pandemiyasına görə neçə vaxtdı karantindədi. Yaşın 65-dən çoxdu deyirlər. Ancaq yüz yaşı geridə qoyan bir çox avropalı çoxdan karantindən çıxıb.
 
Təbii ki, Azərbaycan futbolunda nə o vaxt qazanc götürmək mümkün idi, nə də indi. Təəssüf ki, bu mənada iş adamları futbola maraq göstərmirlər.

Vaxtilə bölgələrimizdə futbolun daha çox populyar olmasının, daha çox inkişaf etməsinin əsl səbəbi isə orada yaşayan səxavətli insanların bu idman növünə marağı, təmənnasız sevgisinə görə idi.
Şahbaz Süleymanov (Saşa), Vidadi Əhmədov, Rasim Rəfiyev, Nazim Abdullayev, Yunis İldırımzadə, Adil Nadirov, Məmmədrəhim Kərimov, Rza Məmmədov, Hacı Malik  Atakişiyev, İldırım Allahyarov, Cavanşir Şirəliyev, Hafiz Məmmədov, Mübariz Mənsimov və başqa adlarını unutduğum şəxslər çəkinmədən futbol üçün vəsaitini xərcləyib. Bu insanların demək olar ki, əksəriyyətinin sponsorluq etdiyi klub indi ya yoxdu, ya da yox kimidi. Onların çoxu pulunu bilə-bilə çölə atırdı. Səbəb isə ancaq futbol sevgisi idi. İndi belə şəxslərə çox ehtiyac var.

“Turan Tovuz”un veteran futbolçusu, hazırda icraçı direktoru olan Nadir Nəbiyevin “Kluba heç kim kömək etmir” deyərək imdad istəməsi çox şeydən xəbər verir. Təkcə Tovuz yox, Gəncə, Zaqatala, Qazax, Mingəçevir və bu kimi futbol ənənələri olan digər bölgələrimiz də acizanə kömək istəyir. Yerli icra hakimiyyətləri isə şəhəri təmsil edən kluba “Zaqatala”nın prezidenti Musa Qurbanovun dediyi kimi, ancaq mənəvi dəstək olurlar. Gülünc olsa da, reallıq budu. Nadir Nəbiyev də deyir ki, futbola olan əvvəlki sevgi nə imkanlı şəxslərdə, nə azarkeşlərdə, nə də futbolçuların özündə var.

Ramiq AĞAMƏMMƏDOV

 

 


Etiketlər:  Atılmış qoca


RƏYLƏR