Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2019 12:27
Bakı. Trend:
Bakıda Heydər Əliyev Mərkəzində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) informasiya texnologiyaları konfransı və sərgisi keçirilir.
Trend-in məlumatına görə, konfransın açılış mərasimində Baş nazir Novruz Məmmədov Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı məktubunu oxuyub.
Novruz Məmmədov ölkədə informasiya texnologiyalarının inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, dövlətimizin başçısı bütün sahələr kimi bu sahəyə də böyük diqqət ayırır və Azərbaycanda bununla bağlı kifayət qədər işlər görülür. Dövlət Gömrük Komitəsi də informasiya texnologiyalarının inkişafına öz töhfəsini verən qurumlardandır.
Baş nazir qeyd edib ki, Ümumdünya Gömrük Təşkilatının bu konfransının Bakıda keçirilməsi də informasiya texnologiyaları sahəsində Azərbaycanın uğurla irəlilədiyinin bariz nümunəsidir.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tədbirin vacibliyini diqqətə çatdıraraq vurğulayıb ki, elektron xidmətlər sırasında elektron gömrük Azərbaycanda ön sıralardadır. Bu istiqamətdə ciddi islahatlar aparılıb, şəffaflığın təmin edilməsi baxımından vacib işlər görülüb. Sahibkar-məmur münasibətlərinin minimuma endirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi baxımından da Gömrük Komitəsi mühüm nailiyyətlər əldə edib.
S.Mehdiyevin sözlərinə görə, Ümumdünya Gömrük Təşkilatının informasiya texnologiyaları konfransı və sərgisi bu təşkilata üzv dövlətlərin gömrük xidmətlərinin informasiya texnologiyaları barədə fikir mübadiləsi aparması, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi və gömrük xidmətlərinin təcrübələrinin bölüşməsi baxımından əhəmiyyət kəsb edir.
ÜGT-nin informasiya texnologiyaları konfransı və sərgisi iyunun 14-dək davam edəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin