Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hanı bizim futbol mütəxəssisləri?

Hanı bizim futbol mütəxəssisləri?

Tarix: 12 Iyun 2019 13:04

AFFA-nın rəsmi saytı bu gün açıqlama yayıb ki, “Avro-2020”nin dünənki Azərbaycan – Slovakiya oyunundan sonra “Bakcell Arena”da qurumun İcraiyyə Komitəsinin təcili toplantısı keçirilib. Əlbəttə, toplantıda millinin son illərdəki uğursuzluqlarından təngə gəlib son oyunda stadionda federasiya rəhbərliyini istefaya səsləyən minlərlə, sosial şəbəkələrdə isə onlara dəstək olan onminlərlə azarkeşin haqlı çağırışına qətiyyən toxunulmayıb.

Çünki mətləbi uzatmayıb qısaca və nəyisə malalamadan olduğu kimi desək, o komitənin üzvlərinin 90-95 faizində artıq vicdan, mənəviyyat, sadə insanlara hörmət deyə bir şey qalmayıb. Vicdanı olan nə edərdi? Bəli, hələ istefaya getmək bir yana, heç olmasa dünənki rəzillikdən sonra əsəbindən, hirsindən yata bilməyən bu qədər insandan üzr istəyərdi. Amma bunu etmək əvəzinə, görün, bu gün AFFA hansı açıqlamanı verib:

“Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin də dəvət olunduğu iclasda millinin son iki oyunda göstərdiyi uğursuz nəticələr müzakirə olunub. Baş məşqçi hər iki qarşılaşma ilə əlaqədar İcraiyyə Komitəsinə qısa hesabat verib və bildirilib ki, yaxın günlərdə ətraflı hesabat təqdim olunacaq.

İcraiyyə Komitəsinin ümumi rəyi belə olub ki, Azərbaycan milli komandasına dəvət olunan futbolçular üzərlərinə düşən məsuliyyəti dərk etməli, bütün oyunlarda var gücləri ilə mübarizə aparmalı, heç bir halda imkanlarından aşağı səviyyədə çıxış etməməlidirlər”.

İndi qara şritflə xüsusi fərqləndirdiyim sonuncu cümləni diqqətlə bir də oxuyun. Sonra yenə oxuyun. Fikir verin, bütün məsuliyyət ancaq futbolçuların üzərinə atılıb. Oynayan futbolçudur, doğru, amma mart ayından bəri hazırlaşdırıb meydana çıxaran kimdir, bəs? Qurban Qurbanov? Bu komanda iki oyuna qapısından düz səkkiz qolu kimin axmaq taktikası, uşaqcasına səvhləri, yanlış heyət seçiminə görə buraxıb?

Hə, Nikola Yurçeviç adlı xorvatın. Bəs, Yurçeviç kimdi? Azərbaycana gələnə qədər cəmi bir dəfə (!) baş məşqçi kimi çalışan və... işlədiyi Zaqreb “Dinamo”sundan uğursuz nəticələrə görə, təsəvvür edin, vur-tut 11 oyundan, hardasa 2 aydan sonra qovulan biri! Amma AFFA rəsmi açıqlamasında məğlubiyyətin birbaşa günahkarı olan Yurçeviçə güldən ağır soz demir. Ona görə ki, Yurçeviç Elxan Məmmədovun adamı, daha dəqiqi, onun “boz kardinalı” olduğu uğursuz futbol menecerlərindən ibarət çetenin Azərbaycana yüksək məbləğə sırıdığı növbəti uğursuz zay futbol məhsuludur.

Bəli, məhz elə onun adamı olduğuna görə də İcraiyyə Komitəsinin üzvləri - bizim adı futbol mütəxəssisi, amma futbol üçün daha heç nə etməyən, etmək istəməyən Kazbek Tuayev, İsgəndər Cavadov, Vaqif Sadıqov, guya milliyə məsləhət verməli olan Məşqçilər Komitəsinin üzvlərindən Ağasəlim Mircavadov, Şahin Diniyev, Şakir Qəribov, Yaşar Vahabzadə sanki Marsa uçublar. Bu komanda niyə bugündədi, bu ölkənin futbolu niyə bu hala salınıb kimi suallara təkcə Rövnəq Abdullayevin prezidenti, Elxan Məmmədovun baş katibi olduğu AFFA cavab verməməlidir. Və dünənə kimi Qurban Qurbanov nəticə verməlidir deyənlər bu gün qaçıb gizlənməməlidirlər. Çünki bu ölkənin futbolunun problemini söyləmək bir tək 3-4 jurnalistin və hələ də özünə hörmət qoyan bir neçə futbol adamının işi olmamalıdır. Adları çəkdiyim mütəxəssislər də, bu gün futbolumuzda həqiqi nüfuz və söz sahibi olan Qurban Qurbanov da, Rəşad Sadıqov da, nəhayət, futbolumuzun bugünkü ağır durumunun səbəbləri və çıxış yolları barədə qətiyyətli fikirlərini deməlidirlər.

Əsk halda içi bütün bu adlarını çəkdiyim və çəkmədiyim mütəxəssislərin də futbolumuzun qara hərflərlə yazılmaqda olan tarixində məsuliyyət payı AFFA-dakılardan az olmayacaq.
 
Aydın BAĞIROV
[email protected]

 


Etiketlər:  Hanı bizim futbol mütəxəssisləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ