Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2020 14:03
Həmişə ictimai asayişi, təhlükəsizliyimizi qoruyan Azərbaycan polisi pandemiya ilə mübarizə dövründə həm də sağlamlığımızın keşiyindədir.
Sonxeber.net xəbər verir ki, bu sözləri Trend-ə Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Millət vəkili qeyd edib ki, pandemiyaya qarşı mübarizədə xüsusi karantin rejiminin tətbiqi, vətəndaşlarımızın bu qaydalara ciddi riayət etməsi və ən əsası ölkə başçısının "birlikdə güclüyük" çağrışına uyğun həmrəyliyi nəticəsində xəstələrin sayı və ölüm halları son dərəcə aşağı səviyyədə idi:
"Azərbaycanın koronavirusla mübarizədə təcrübəsi beynəlxalq aləmdə təqdir olunur və başqa ölkələrə nümunə kimi göstərilirdi. Bu nəticələrin əldə olunmasında polislərimizin xidməti danılmazdır. Bu müddətdə Azərbaycan polisi fədakarlıq göstərmiş, pandemiya ilə mübarizədə ön cəbhədə olmuşdur.
Təəssüf ki, xüsusi karantin rejiminin yumşaldılması bir qrup vətəndaşlarda arxayınçılıq hissi yaratdı və onlar məsuliyyətsiz, virus artıq yoxmuş kimi davaranmağa başladılar. Nəticə göz qabağındadır. Artıq virusa yoluxma 3 rəqəmlə ifadə olur. Və hökumət təkrarən xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar qəbul etdi və həftə sonu evdən çıxma qadağası tətbiq edildi. Şənbə və bazar günlərində vətəndaşlara evdən çıxma qadağası qardaş Türkiyə Cümhuriyyətində sınaqdan çıxıb və müsbət nəticələr əldə edilib.
Tətbiq edilmiş qaydalar bütün Azərbaycan xalqının sağlamlığının təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilir, buna görə də bu qərarlara riayət etmək vətəndaşlıq borcumuzdur. Vətəndaşlar başa düşməlidir ki, bu risk təkcə onların həyatına deyil, bizim hamımızın sağlamlığına təhlükə gətirə bilər. Buna görə də pandemiya ilə mübarizənin əsas şərtlərindən biri tətbiq edilmiş qaydalara qeyri-şərtsiz riayət etməkdir. Dövlətin tədbiq etdiyi qaydalara əməl olunmasına nəzarət Azərbaycan polisinin birabaşa vəzifəsidir.
Çox təəssüf ki, evdən çıxma qadağası tətbiq edildiyi günlərdə xoşagəlməz hallarla da üzləşdik. Qaydalara riayət etməyən vətəndaşlar hüquq mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılarkən bəziləri polisə tabe olmur, bəziləri müqavimət göstərirdi. Polisə iş başında müqavimət göstərmək, onun üzərinə əşyalar atmaq, söymək ciddi qanun pozuntusudur. Vətəndaş öz məsuliyyətini dərk etməli, dövlətin pandemiya ilə apardığı ciddi mübarizədə vətəndaşlıq borcunu yerinə yetirməlidir.
Bu mübarəzədə polisin başlıca vəzifəsi karantin qaydalarına riayətə nəzarət etməkdir. Qanunlara tabe olmayan hər bir şəxs müəyyən edilərək qanunun tələblərinə uyğun olaraq məsuliyyətə cəlb oluncaqlar. Necəki, bazar günü polisin üzərinə müxtəlif əşyalar atanlar müəyyənləşdirilərək məsuliyyətə cəlb olunublar. Əlbəttə ki, bu tədbirlər görülməsə, qanunlarımızı heçə saymış olarıq və başqaları da qanunsuz əməllərinə görə cavabdeh olmayacaqlarını düşünə bilər.
Qeyd etmək istəyirəm ki, pandemiya ilə mübarizədə fədakar polislərimiz də həkimlərimiz kimi ön cəbhədə olublar və onların əsas vəzifəsi qaydalara riayət edilməsinə nəzarətdir. Nəzərə almalıyıq ki, pandemiya dövründə polislərimiz yalnızca öz həyatlarını deyil, ailələrinin , övladlarının həyatını təhlükəyə atmaqdan çəkinməyərək, xalqımızın təhlükəsizliyinin, sağlamlığının keşiyində dayanıblar. Qəhrəman polislərimiz hər zaman olduğu kimi həftəsonu fəaliyyətlərində də yüksək həsasslıq, vətəndaşlarımıza qarşı diqqət və qayğı göstərmişlər. Polislərimizin bu humanist münasibətinin qarşılığında bəzi vətəndaşların polisə qarşı göstərdiyi nalayiq münasibət nəinki qanun pozuntusu,eyni zamanda Azərbaycan xalqının əxlaqına , mənəviyyatına zidd hərəkətlərdir. Bu cür hərəkətlərin cavabını verəcək olan da yenə də Azərbaycan xalqıdır. Qanunun keşiyində dayanan polislərimiz günümüzədək hər zaman vətəndaşlara əl tutublar. Ötən gün də bunun bir daha şahidi olduq. Bacısı vəfat etdiyinə görə evdən çıxaraq polislərə yaxınlaşan, bacısı gilə getmək istədiyini bildirən və polislərimiz tərəfindən xanım vətəndaşımızın həmin ünvana aparılması görüntüləri də sosial şəbəkələrdə yayılmışdı. Və ya çörəyi olmayan vətəndaşa polislər tərəfindən çörək aparılması, eləcə də polislərimizin öz yeməklərini yaşlı bir qadınla bölüşməsi görüntüləri çox müsbət hallardan biridir.
Dövlətin polisi nə qədər güclü olarsa, orada qayda-qanun da güclü olar. Polislərimiz iş başında dövlətin adından çıxış edərək öz xidməti vəzifələrini icra edirlər. Pandemiya ilə mübarizədə fədakar polislərimizin əməyini yüksək qiymətləndirirəm. Hüquqi dövlətdə yaşayırıq, hamımız dövlətimizin tətbiq etdiyi qaydalara və qanunlara tabe olmalıyıq".