Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2020 10:28
Bakı. Fidan Babayeva - Trend:
Azərbaycanda BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə tərəfdaşlıq proqramı çərçivəsində “Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlı inkişafın sürətləndirilməsi” layihəsinin reallaşdırılmasına başlanılıb.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan hökumət nümayəndələrinin, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin və FAO nümayəndələrinin iştirakı ilə keçirilmiş onlayn təqdimat mərasimində bildirilib.
Layihənin əsas məqsədi meşə fındığının istehsalının səmərəliliyinin artırılması və sahənin dayanıqlı inkişafının təmin olunmasıdır. Bu, fermerlərin gəlirlərinin artmasına gətirib çıxaracaq, qida və ərzaq təhlükəsizliyini təmin edəcək, kəndlərdə iş yerləri yaratmaqla yoxsulluğun azalmasına və regionlarda özünüməşğulluq imkanlarının artmasına yol açacaq.
Layihənin yekunlarına əsasən, dayanıqlı istehsalın intensivləşdirilməsi üzrə təkliflər irəli sürüləcək, fındıq istehsalı və satışında dayanıqlı bioenerji variantları dəyərləndiriləcək, eləcə də fındıq əkini, emalı və təhlükəsiz saxlanması üzrə fermerlərin bilik və bacarıqları artırılacaq.