Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2020 04:32
Ölkəmizdə koronavirusun yayılması sahəsində vəziyyət gərgindir. Ötən gün aparılan testlərin 10 faizə qədərində koronavirusa yoluxma faktları aşkarlanıb. Rəqəmlər xeyli yüksəkdir və ürəkaçan deyil. Hesab edirəm ki, tətbiq olunan sərtləşdirilmiş karantin rejimi yoluxma hallarının azalmasına kömək olacaq. Belə bir sərtləşdirmə tədbirini bir neçə ay əvvəl də apardıq və yaxşı nəticələr əldə etdik. İki həftəlik sərtləşdirmə tədbirləri zamanı vətəndaşların vəziyyəti düzgün qiymətləndirməsi nəticəsində xəstələnmə hallarının azalması gözlənilir.
Vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə ciddi yanaşmağı tövsiyə edirəm. Onlar tibbi maskadan istifadə etsinlər, həmçinin sosial məsafəni qorusunlar. Sərtləşdirmə tədbirləri də təmas və yoluxma hallarının azaldılması üçündür. Hər hansı bir simptomu olanlar evdən çıxmasın, iş yerlərinə getməsinlər. Mütləq həkimə müraciət etsinlər və özünü müalicəyə cəhd göstərməsinlər. Onlar barəsində vaxtında tədbirlər görülməli, müalicəyə cəlb edilməli və ixtisaslaşmış tibbi yardım almalıdırlar ki, sonrakı ağırlaşmalar müşahidə olunmasın.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev deyib.
"Aprelin 27-də yumşaldılma tədbirlərinə başlayanda yoluxanların sayı çox az idi və 30-40 arasında dəyişirdi. Lakin indi rəqəmlər 500-ə yaxındır ki, bu da bir həftəyə 3 min yoluxma deməkdir. Belə davam etsə, xəstəxanalarda vəziyyətin necə olacağı barədə vətəndaşlar ciddi düşünməlidirlər. Tibb işçiləri, həkimlər çox böyük və gərgin zəhmət sərf edirlər. Yayın istisində kombinezonda bir saatdan artıq dayanmaq çox çətindir. Hamımız əl-ələ verib çalışmalıyıq ki, belə mürəkkəb şəraitdə işləyən həkimlərin əziyyəti hədər getməsin. Çalışaq ki, xəstə sayı az olsun və onlara yardım göstərən ixtisaslı həkimlər də çatsın. Müalicə prosedurlarına başqa ixtisaslı həkimlər də cəlb olunur ki, onların da təlimatlandırılması müəyyən vaxt tələb edir. Ona görə də xəstəliklə birgə mübarizə aparaq. Mən demirəm ki, birgə mübarizə ilə xəstəliyin tam yayılmasının qarşısı alınacaq. Heç olmazsa, xəstələnmə, yoluxma hallarının azalmasına nail olaq və xəstələrə vaxtında tibbi yardım göstərə bilək", - deyə C.İsayev bildirib.
Baş infeksionistin sözlərinə görə, maska taxmayanlar özlərindən çox ətrafdakılar üçün təhlükə mənbəyi rolunu oynayır, onların yoluxmasına səbəb olurlar: "Gərək maska taxmayanlara digər vətəndaşlar qınaqla yanaşsın, onlara iradlarını bildirsinlər. Hava-damcı infeksiyasından qorunmağın əsas yolu maskadan istifadə və sosial təcriddir. İki həftəlik sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə bəzi vətəndaşlara işə getməmək üçün icazə verilib. Həmin vətəndaşların yalnız ən zəruri hallarda evdən çıxmağı daha yaxşı olar. Sosial təcridin yoluxanların sayının azaldılmasında böyük əhəmiyyəti var. Dövlət tərəfindən xəstəliyə qarşı mübarizə tədbirləri işlənib hazırlanır, həyata keçirilir və buna külli miqdarda vəsait xərclənir. Gəlin birlikdə görülən tədbirlərin səmərə verməsinə nail olaq. Hər gün bir neçə ölüm hadisəsi qeydə alınır. Hazırda reanimasiyada kritik vəziyyətdə olan xəstələrin də sayı az deyil. Hətta elə bir vaxt gələr ki, süni tənəffüs aparatı çatmaya bilər. Ona görə də həm məsuliyyətli olaq, həm də ətrafımızda olanları məsələyə məsuliyyət hissi ilə yanaşmağa dəvət edək.
Statistika göstərir ki, təkcə risk qrupuna aid olanlar deyil, həmin qrupa aid olmayanlar, hətta cavanlar arasında da ağırlaşma halları qeydə alınır. Lakin yaşlılar, xüsusilə yanaşı gedən xəstəlikləri olanlar, şəkərli diabetdən, hipertoniyadan, ürək-damar sistemi, xroniki ağciyər, böyrək xəstəliklərindən əziyyət çəkənlər, o cümlədən onkoloji xəstələr və cərrahiyyə əməliyyatı keçirənlərin virusa yoluxması daha təhlükəli hesab olunur, onlarda ağırlaşma ehtimalı daha yüksəkdir. Bir daha qeyd etmək istəyirəm ki, heç bir xəstəliyi olmayan cavanlarda da ağırlaşma hallarına rast gəlinir.
Koronavirus infeksiyasını tam aradan qaldırmaq qeyri-mümkündür və karantin rejiminin tətbiq edilməsində başlıca məqsəd yoluxanların sayını minimuma endirməkdir".