Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2020 00:00
2019-cu ildə Azərbaycan hökuməti ölkənin quru və dəniz sərhədlərində və Cənubi Qafqaz daxilində insanların, pulların və materialların hərəkəti üzrə terror cəhdlərinin qarşısını almaq, aşkar və məğlub etmək üçün fəal iş aparıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin terrorizmlə bağlı 2019-cu il üzrə hesabatında deyilir.
Hesabatda bildirilir: "Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanları terror aktlarının qarşısını almaq üçün əməliyyatlar keçirib, terrorda şübhəli bilinən şəxləri həbs edib və cinayət məsuliyyətinə cəlb edib. 2019-cu ildə Azərbaycanda heç bir terror aktı qeydə alınmayıb".
Qeyd edilir ki, Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri ölkədə terror aktlarını aşkar etmək, saxlamaq və qarşısını almaq üçün adekvat bacarıq nümayiş etdiriblər:
"Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri bir-biri ilə və regional və beynəlxalq tərəfdaşlarla terrorizmlə bağlı məsələlər üzrə məlumat mübadiləsi aparırlar. 2019-cu ildə Azərbaycan "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı"nın icrasını davam etdirib".
ABŞ Dövlət Departamenti bildirir ki, Azərbaycan Avropa Şurasında, ATƏT-da, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq təşkilatlarda üzvlüyünü davam etdirib:
"Azərbaycan NATO-nun antiterror təşəbbüslərini alyansın "Sülh naminə tərəfdaşlıq" ölkələrindən biri kimi dəstəkləyir. Azərbaycan 120 sülhməramlı hərbçisi ilə NATO-nun Əfqanıstanda keçirdiyi "Qətiyyətli Dəstək" missiyasında iştirak edib və Əfqanıstan milli ordusunun Məqsədli Fonduna töhfə verib".