Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2020 23:36
2 Nobel mükafatının laureatı kimyaçı Laynus Polinq ilk dəfə soyuqdəymə və virus infeksiyalarını C vitamini ilə müalicə etməyi təklif edib.
O vaxtdan 50 il keçsə də C vitamininin bu xəstəliklərin profilaktika və müalicəsində ciddi effekti sübut olunmayıb. Bəli, bəzi araşdırmalar göstərir ki, C vitamininin soyuqdəymə və respirator virus infeksiyalarının əvvəlində qəbulu simptomları yüngülləşdirir və sağalmanı bir qədər tezləşdirir. Lakin virus xəstəliklərinin profilaktikasında C vitamini heç bir rol oynamır. Yəni bu vitaminin profilaktik qəbulu bizi viruslardan qorumur. Bu mənada D vitamini daha effektlidir. D vitamini həqiqətən immun sistemini viruslara qarşı daha davamlı edir.
Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, son zamanlar koronavirus pandemiyası ilə bağlı "C vitamini" mövzusu yenidən gündəmdədir. Bəzi KİV və sosial şəbəkələr C vitaminini koronavirusdan qorunmaq üçün "ideal vasitə" kimi təqdim edirlər. Bu həqiqətənmi belədir? Yuxarıda qeyd etdiyimiz kimi C vitamini viruslardan qorumur. Koronavirus isə viruslara aiddir.
Bunları nəzərə alaraq C vitaminini koronavirusdan qorunmaq üçün profilaktik məqsədlərlə qəbul etmək mənasızdır. Həmçinin həkimlə məsləhətləşmədən C vitamininin böyük dozalarda qəbulu sağlamlığa ziyan vurur, qaraciyər və böyrək xəstəliklərinin riskini xeyli artırır.
Hazırda həkimlərin əksəriyyəti vitaminləri yalnız təbii mənbələrdən qəbul etməyi tövsiyə edirlər. İstənilən vitaminləri yalnız həkim buna ciddi səbəb yarandıqda təyin edə bilər.